Azərbaycan əlaqələrini genişləndirmək üçün böyük potensiala malikdir

“Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında öz sözünü deyir. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin bu rolu daha da artır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Növbəti illərdə hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Ölkəmiz bu məqsədlə həm tərəfdaşları, həm də dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əlaqələrini genişləndirir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlanan iqtisadi inkişafın daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyin möhkəmləndirilməsində stimulverici amildir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzləyir, bir layihənin uğurlu sonluqla başa çatması digər bir layihənin gündəmə gətirilməsini şərtləndirir, dövrün çağırışlarına uyğun olaraq mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da  230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bir  daha Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqəti yönəldərək bildirdi ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub: “Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Azərbaycanda mövcud sabitlik və normal biznes mühiti investisiya cəlbediciliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Ən əsası düzgün müəyyələşdirilən siyasətin nəticəsi olaraq qısa müddətdə böyük investisiyalar məkanına çevrilən Azərbaycan iştirakçısı olduğu bu kimi layihələrlə mövqeyini daha da möhkəmləndirir. Cənab İlham Əliyev “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir” fikirləri ilə ölkəmizin gələcək iqtisadi inkişafının real mənzərəsini təqdim etdi.”

Millət vəkili onu da əlavə edib ki, bu layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir: “Qaradağ Günəş Elektrik Stansiyasının açılışı mərasimi çərçivəsində üç investisiya sazişinin imzalanması da layihələrin davamlılığından xəbər verir. Belə ki, dövlət başçısı İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası  layihələri, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi imzalandı. Cənab İlham Əliyev açılış mərasimindəki çıxışında Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığını ifadə etdi.”

Malik Həsənov bu layihələrin ölkəmizin qarşısında açdığı imkanlardan geniş bəhs edərək bildirib ki, Azərbaycan hər zaman əməkdaşlıqda, səylərin birləşdirilməsi əsasında hədəflərə doğru inamla irəliləməkdə maraqlıdır: “Nəzərə alsaq ki, hazırkı dövrün əsas çağırışı bərpa olunan enerji  mənbələrinə investisiyaların yatırılmasıdır, bu halda reallığa çevrilən belə layihələr Azərbaycanın qeyd olunan sahədə böyük potensiala malik olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu məqama xüsusi diqqət çəkdi ki, mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.”

Millət vəkili vurğulayıb ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası elan olunub. Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var: “Külək də artıq bu sərvətə çevrilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də hədəflər və onlara çatmağın yolları öz əksini tapıb. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki siyasi iradəmiz, cəmiyyətdə birlik var. Bütün məqsədlərimizə nail olacaq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik.”