“Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var”

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışı zamanı səsləndirib. Spiker, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə ölkəmizin Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini ifadə etdiyini xatırladıb.

Milli Məclisin sədri çıxışında həmçinin, diqqətə çatdırıb ki, bu gün Qarabağ bölgəsində erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycan fəal şəkildə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. “Böyük qayıdış” proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçın və Füzuli şəhərlərinə, eləcə də bir sıra kəndlərə qayıdıblar. 2026-cı ilin sonuna kimi 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır.