Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlıq üçün geniş imkanlar var

ABŞ-nin vitse-prezidenti Cey.Di.Vensin fevral ayında respublikamıza etdiyi rəsmi səfər iki dövlət arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyevlə Cey.Di.Vens arasında keçirilən görüş, mətbuata verilən bəyanatlar və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması göstərdi ki, həm Bakı, həm də Vaşinqton əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. 

Cey.Di.Vensin respublikamıza səfəri təsdiqləyir ki, Prezident İlham Əliyevin ötən ilin avqust ayında Vaşinqtonda Prezident Donald Trampla görüşü zamanı iki dövlət arasında əlaqələrin inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr sürətlə yerinə yetirilir. Əsas məqamlardan biri də budur ki, ABŞ Azərbaycanın regiondakı aparıcı mövqeyini, qlobal proseslərdəki fəal iştirakını yüksək qiymətləndirir və ölkəmizi özünün güclü tərəfdaşı kimi görür. 

Fevralın 10-da Bakıda Prezident İlham Əliyev və vitse-prezident Cey.Di.Vens tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası" imzalandı. Bu sənəd iki dövlət arasında əməkdaşlıqla bağlı bir çox mühüm sahəni əhatə etməklə Azərbaycan-ABŞ tərəfdaşlığını tamamilə yeni mərhələyə yüksəldir. 

Azərbaycanla ABŞ arasında səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. ABŞ tərəfi güclü səhiyyə potensialına malikdir. Azərbaycanda da səhiyyə sferası ən müasir çağırışlara uyğunlaşdırılıb, hər bir vətəndaşa ən yüksək səviyyədə tibbi xidmət göstərilir. O cümlədən ölkəmizdə mükəmməl icbari tibbi sığorta sistemi formalaşdırılıb. Bütün bunlar Azərbaycanla ABŞ arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş imkanlar açır. 

Bu günlərdə Azərbaycanın səhiyyə naziri Teymur Musayevin ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət Palatasının üzvləri ilə görüşündə də bu məsələ müzakirə olunub. Görüş zamanı Azərbaycanla ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində və tibb təhsili istiqamətində əməkdaşlıq məsələlərinə toxunublar. Qonaqlara Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sahəsində insan kapitalının gücləndirilməsi və rəqəmsallaşdırma istiqamətində görülən işlər barədə məlumat verilib. Beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cenifer Mil Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, səhiyyə və əczaçılıq sahələrində ABŞ şirkətlərinin təcrübə və texnologiyalarının paylaşılmasının mümkünlüyünü qeyd edib. 

Səhiyyə Nazirliyində ötən ilin dekabrında ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşdə də tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi müzakirə olunub, ABŞ-nin Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib.

Əlbəttə, səhiyyə sahəsində əməkdaşlıq yalnız texniki və tibbi xidmətlə məhdudlaşmır. Bu əməkdaşlıq daha geniş geosiyasi və iqtisadi motivləri özündə ehtiva edir. Bu əməkdaşlıq fonunda səhiyyə sahəsi həm də diplomatiya və siyasi etimad quruculuğu aləti kimi çıxış edir. Texnologiya və təhsil mübadiləsi, doktorantların və mütəxəssislərin təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətləri qarşılıqlı anlaşma və tərəfdaşlıq mühitini daha da möhkəmləndirir.

Beləliklə, Azərbaycan-ABŞ münasibətləri səhiyyə sahəsində də praqmatik və strateji müstəviyə keçməkdədir. Bu, təkcə tibbi texnologiyaların transferi və səhiyyənin digər sferalarını deyil, həm də iki ölkənin uzunmüddətli siyasi və iqtisadi münasibətlərinin yeni bir komponenti kimi çıxış edir.

 

Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı