Azərbaycan ilə Braziliya arasında parlamentlərarası dialoqun, dostluq qrupunun fəaliyyətinin gücləndirilməsi müzakirə olunub

Milli Məclisin Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Müşfiq Məmmədli Braziliyada olub.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycan ilə Braziliya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etmək və hər iki ölkənin parlamentlərarası əməkdaşlıq xəttinin gücləndirilməsi perspektivlərini müzakirə etmək idi.

Səfər çərçivəsində deputat M.Məmmədli Braziliya Parlamentində və hökumət rəsmiləri ilə məhsuldar görüşlər keçirib.

Deputat M.Məmmədli Braziliya Konqresinin Nümayəndələr Palatasının sədrinin müavini, federal deputat Sostenes Kavalkanti, Xarici əlaqələr və milli müdafiə üzrə Daimi komissiyası sədrinin birinci müavini, federal deputat Flavio Noqeyra, Parlamentlərarası Dostluq Qrupunun sədri və Beynəlxalq Parlamentar Birliyinin Latın Amerikası üzrə başçısı, federal deputat Klaudio Kajado ilə görüşüb. Bundan əlavə, M.Məmmədli həmçinin Federal Senatın Texnologiya, elm və innovasiyalar üzrə Komissiyasının sədri senator Karlos Viana və Braziliyanın Kosmik Agentliyinin rəhbəri Antonio Şamon ilə müzakirələr aparıb.

Görüşlərdə 30 il ərzində Azərbaycan ilə Braziliya arasında yaranmış dostluq münasibətlərinə nəzər salınıb, münasibətlərin cari statusu barədə fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

M.Məmmədli Qarabağ məsələsinin həll edildiyini, Azərbaycanın regionda artan nüfuzu, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət barədə braziliyalı deputatlara ətraflı məlumat verib, müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizə göstərilən dəstəyə görə Braziliya tərəfinə təşəkkürünü ifadə edib. 1993-cü ilin oktyabr ayında bu ölkənin BMT Təhlükəsizlik Şurasında sədr olarkən məlum 874 saylı qətnamənin qəbul edilməsində oynadığı rolun Azərbaycan tərəfindən dəyərləndiyini vurğulayıb. O, eyni zamanda, 16 avqustda da BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələrdə Braziliyanın səsləndirdiyi mövqeyinə, Xankəndi-Ağdam yolunun istifadəsinin vacibliyi ilə əlaqədar sərgilədiyi mövqeyinə görə təşəkkürünü bildirib.

İki ölkə arasında əməkdaşlıq istiqamətləri, mümkün layihələr barədə, bu münasibətlərin suverenliyə hörmət və praqmatizmə əsaslanaraq inkişaf etməsi vacibliyi qeyd edilib. İki ölkə arasında astronavtika, peyk-fəza araşdırmaları, peyk texnologiyalarından iqtisadi yönlü layihələr üçün istifadəsi, səhiyyə, təhsil, infrastruktur və sosial yönümlü siyasət kimi sahələrdə əlaqələri gücləndirmək niyyəti ifadə olunub.

Braziliyalı siyasətçilər və rəsmiləri, Braziliyanın Azərbaycanın strateji mövqeyindən yararlanmaq üçün əməkdaşlığın daha da intensivləşdirilməsi və bu xüsusda, parlamentlər arasında dialoqun möhkəmlənməsinə tərəfdar olduqlarını, Azərbaycanın öz ölkələri üçün regionda unikal tərəfdaş ola biləcəyinə inamlarını ifadə ediblər.

“Coğrafi mövqeyinə görə Azərbaycan Avropa və Asiya arasında tranzit nöqtəsi kimi əsas rol oynayır ki, bu da Braziliya və iki qitədə danışıqlar aparan logistika şirkətləri tərəfindən daha yaxşı istifadə edilməlidir”, - deyə Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri deputat Klaudio Kajado vurğulayıb.

Braziliyanın Kosmik Agentliyinin prezidenti Antonio Şamon ölkəmiz haqqında olduqca müsbət fikirlər səsləndirib və Beynəlxalq Aeronavtika Konqresinin Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.