Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində ən etibarlı tranzit ölkədir - ŞƏRH

Son 30 ildə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında davamlı olaraq inkişaf edən qarşılıqlı münasibətlərin əsas dayaq nöqtəsini ortaq tariximiz və ortaq dəyərlərimiz təşkil edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Azərbaycan dövlətinin otuz ildən artıqdır ki, Mərkəzi Asiya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq etdiyini bildirən deputat deyib: “Bu vacib geopolitik qurşaqda yerləşən bütün dövlətlər bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir və beynəlxalq siyasi platformalarda uzlaşdırılmış mövqedən çıxış edirlər. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Dövlətlərarası münasibətlərin getdikcə yaxınlaşması yeni əməkdaşlıq formatlarının meydana gəlməsi üçün yeni imkanlar açır. Son iki il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə doqquz dəfə səfər etməsi də Azərbaycan tərəfindən Mərkəzi Asiya regionu ilə əməkdaşlığa verilən prioritetin göstəricisidir. Eyni zamanda, bu müddət ərzində Mərkəzi Asiyada yerləşən bütün qardaş dövlətlərin başçıları da dəfələrlə Azərbaycana səfərlər ediblər.

Cavanşir Feyziyev qeyd edib ki, Prezident İlham Əliyevin sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı və səsləndirdiyi fikirlər ölkəmizin region dövlətləri ilə əməkdaşlıq perspektivlərinə işıq salır. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır və bu iki istiqamət üzrə göstəricilər son illərdə davamlı inkişafa malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Qarşılıqlı ticari-iqtisadi əlaqələri canlandırmaq məqsədilə region dövlətləri arasında birgə sərmayə fondları yaradılıb və növbəti 3 il üzrə bir milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, turizm, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələrin həyata keçirilməsinə başlanılıb. Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər və bu istiqamətdə yeni əməkdaşlıq layihələri müzakirə olunmaqdadır.

“Cənubi Qafqaz və Mərkəzi Asiya geopolitik regionu bütövlükdə hələ tarixən qlobal nəqliyyat arteriyalarının keçdiyi ərazi olub. Müasir dövrdə qədim İpək Yolunun bərpa olunması ilə bağlı Azərbaycanın təşəbbüsləri regionun bütün dövlətləri və qlobal iqtisadiyyatın aparıcı gücləri tərəfindən dəstəklənir. Məhz buna görə də nəqliyyat və logistika sahəsi Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində ən etibarlı tranzit ölkədir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır. Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatın ödənilməsində Bakı-Tbilisi-Qars dəmir yolu xüsusi əhəmiyyətə malikdir. Orta Dəhliz layihəsinin reallaşdırılması üçün region dövlətləri intensiv məsləhətləşmələr aparır və hər bir dövlət bu qlobal layihəyə öz töhfəsini verməyə çalışır. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi bütövlükdə regionun, ayrılıqda isə Azərbaycanın dünya iqtisadi sistemində rolunu və əhəmiyyətini artıracaq. Regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına zəmin yaradacaq”, - deyə deputat vurğulayıb.