Azərbaycan Ordusu qürur mənbəyimizdir

Hər bir dövlətin gücü onun ordusu, maliyyə dayanıqlığı, liderinin şəxsi nüfuzu ilə ölçülür. Bu baxımdan Azərbaycan önəmli yol qət edib. Belə ki, müstəqillik illərində bütün sahələrdə olduğu kimi ordu quruculuğundan da müstəsna addımların atılması zəruri şərtlərdən idi. Müstəqilliyin ilk illərində orduda olan özbaşınalıq və nizami ordunun olmaması torpaqlarımızın düşmən tərəfindən azad olunması ilə nəticələnmişdi. Əldə olunan atəşkəs razılaşması imkan verirdi ki, Azərbaycan öz nizami ordusunu qursun, maliyyə dayanıqlığını təmin etsin. Bütün bunları etmək üçün təbii ki, siyasi liderə ehtiyac var idi. Xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyev sadalanan bu kimi missiyalarla yanaşı dövlət və dövlətçiliyimizin qorunması istiqamətində mühüm addımlar atdı.

Artıq ordu quruculuğunda yeni mərhələyə qədəm qoyuldu. İlk öncə peşəkar kadrların hazırlanmasına başlanıldı. Azərbaycan ordusunun nizami ordu kimi formalaşdırılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, Bakıda Ali Hərbi Məktəbin yaradılması ordu quruculuğunun ilkin mərhələsində vacib amillərdən idi. Ümummilli lider Heydər Əliyev hələ SSRİ rəhbərliyində çalışdığı dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Hərbi sahədə peşəkar kadrların hazırlanması, maddi texniki bazanın yüksəlməsi nəticəsində ordumuz qısa zamanda regionda öz sözünü deməyə başladı. Bu gün Heydər Əliyev tərəfindən təməlləri sağlam dirəklər üzərində qurulan ordu quruculuğu siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beləki, Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında öz yerini tutub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir. Bu sayədə Azərbaycanın Müzəffər Ordusu dövlət və xalqla sarsılmaz birlik nümayiş etdirərək “dəmir yumruq” olub düşməni məhv etdi. Bununla, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, tarixi torpaqlarımız düşmən tapdağından azad olundu.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı