""Azərbaycan" qəzetinin çapı dayandırıla bilər" - Bəxtiyar Sadıqov

"Bu gün “Azərbaycan” qəzetinə abunə olanların sayı azalıb, təxminən 5 minədəkdir. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib. 

Onun sözlərinə görə, əgər heç bir dəstək olmasa, qəzetin çapı dayandırılacaq: " "Dövlət satınalmaları haqqında" qanunda Milli Məclis tərəfindən edilən dəyişikliklərdən sonra yeganə reklam bazarı üzümüzə bağlandı. Dünya praktikasına görə qəzetlər öz yaşayışlarının 75 %-ni reklam, 25 %-ni isə satış gəlirlərindən formalaşdırır. İndi bütün bunlar bizim üçün demək olar ki, yox dərəcəsindədir. Ötən il müraciətimiz əsasında bizə əvvəlki illə birlikdə 800 min manat həcmində birdəfəlik yardım göstərildi. Lakin bu da yetərli olmadı. Bu il qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim, verilən cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimizin Milli Məclis tərəfindən təsdiq olunmuş nizamnaməsinin müvafiq bəndinə əsasən, qəzetin maliyyə və texniki təchizat məsələləri parlament tərəfindən həll olunur. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını verə bilmir. Yaranmış vəziyyət bizə göstərir ki, hər il ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir. Əks təqdirdə qəzetin çapı dayandırılacaq. Redaksiyamızda 65 yaradıcı və texniki heyət çalışır. Qəzetin çapının dayandırılacağı təqdirdə aidiyyəti qurumlarda yerləşdirilməsini xahiş edirəm”. 

Spiker Sahibə Qafarova isə B.Sadıqovun çıxışına cavab olaraq bildirib ki, üç ildə Milli Məclis hər zaman qəzetə dəstək olub: “Sizinlə də bu barədə danışılıb. Ancaq siz işinizin prosesini bugünkü zamanın tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da sizinlə danışıblar. Düşünürəm ki, səsləndirdiyiniz təklifləri də həyata keçirmək lazımdır”.