Azərbaycan qlobal sülh modelini nümayiş etdirir

Dördüncü sənaye inqilabının baş verdiyi bu yeni dövrün transformasiyası fonunda dünya dövlətləri, xüsusilə də inkişaf etmiş, iqtisadi və hərbi dayanıqlılığını təmin edə bilən, qlobal layihələrin iştirakçısına çevrilmiş dövlətlər formalaşmaqda olan yeni düzənin əsas subyektləri olmaqla bütün sahələrdə öz yerlərini müəyyənləşdirmək və maraqlarını təmin etmək istəyirlər.

İki ildən artıq müddətdə davam edən Rusiya-Ukrayna müharibəsi demək olar ki, beynəlxalq münasibətlər sisteminə köklü təsir göstərərək yeni siyasi arxitekturanın formalaşmasına ciddi əngəl törədir. Yaxın şərq dövlətlərində yaşayan xalqların təhlükəsizliyi ilə bağlı məsələlər, xüsusilə bu gün Qəzza və qırmızı dənizdə yaşanan qarşıdurmalar, Avropa İttifaqının şərqə doğru genişlənməyə hədəflənmiş siyasəti, Latın Amerikasında tüğyan edən cinayətkarlıq, Amerika Birləşmiş Ştatları ilə Çin arasında iqtisadi hökmranlıq uğrunda gedən qarşıdurma, habelə dünyanın müxtəlif bölgələrində həllini gözləyən münaqişə ocaqları qlobal sülhün  təmin olunması üçün böyük təhdiddir. 
Bu təhdidlər beynəlxalq institutları, o cümldən ixtisaslaşmış beynəlxalq beyin mərkəzləri, dövlət, hökumət başçıları və xarici işlər nazirləri səviyyəsində siyasətçilərin bir araya toplanaraq parçalanmaqda olan dünyamızda qlobal sülh sisteminin dayanıqlılığının təmin olunması üçün müzakirələri labüd edir.

Həmin siyasətçilər kifayət qədər gözəl başa düşürlər ki, doğrudan da bu gün bütün münaqişələrin həllini və dünyanın yeni arxitekturasını daha yaxşı, səmərəli təşkil etmək, eyni zamanda iqtisadi və hərbi güc sahibi dövlətlərin maraqlarını təmin etmək üçün yeganə mexanizm sülhün vasitəsi ilə sağlam dialoqun təşviqidir.

30 illik müasir siyasi tarixə malik olan Azərbaycan Respublikası öz növbəsində bu gün dünyada qlobal çağırışlara həssaslıq nümayiş etdirir, müstəqilliyinin, süverenliyinin qorunuması, habelə tarixi torpaqlarında yaşayan xalqların maraqlarını nəzərə almaqla dünyada dayanıqlı sülhün əldə olunması üçün öz töhfələrini verir.

Təsadüfi deyil ki, 2013-cü ildən bu yana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən, müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı analiz etməyə şərait yaradan və artıq ənənə halını almış Qlobal Bakı Forumuna məhz Bakı şəhəri ev sahibliyi edir. Qeyd edim ki, hər il Forumun iştirakçılarının sayının artdığının, coğrafiyasının, eyni zamanda intellektual potensialının genişləndiyinin şahidi oluruq.

14 mart 2024-cü il tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda öz işinə başlayan XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonağın, o cümlədən müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etmələri Azərbaycan Respublikasının və əlbəttə ki, Prezident İlham Əliyevin iradəsinə, humanistliyinə olan etimadın bariz nümunəsidir.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti dünyamızın sürətlə dəyişdiyini vurğulayaraq hər bir bölgədə baş verən lokal hadisələrin regionlaşdığını, regional hadisələrin isə qloballaşdığını iştirakçıların diqqətinə çatdırdı. Belə ki, 2020-ci ildə Azərbaycanın Zəfər çaldığı 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi, daha sonra 2023-cü ildə həyata keçirilən 1 sutkalıq lokal xarakterli antiterror əməliyyatları təkcə Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmədi, eyni zamanda qlobal arenada həlli mümkünsüz kimi görünən münaqişələrin necə həll ola biləcəyini ortaya qoydu. 

Son üç ildə Azərbaycanın Ermənistanın altı milyard ABŞ dollarına yaxın ağır texnika, zirehli maşınlar da daxil olmaqla hərbi sursatını məhv etməsi və ya hərbi qənimət kimi ələ keçirməsi (beş milyard ABŞ dolları 2020-ci ildə və bir milyard ABŞ dolları 2023-cü ildə) bu silahların bundan sonra müharibəyə, dinc əhaliyə yönəlməsinin qarşısını alacaq və bu nəinki regionda, eyni zamanda bütün dünyada sülhün əldə olunmasına töhfə olacaqdır.

Beləliklə, ölkə başçısının XI Qlobal Bakı Forumunda çıxışı, səsləndirdiyi fikirlər bir daha mövcud yanaşmaların nizamlanmasına, bütün dünya xalqlarının maraqlarının nəzərə alınmasına, dayanıqlı sülh sisteminin təşkili işinə növbəti çağırış, Azərbaycanın dünyada təhlükəsizlik və əmin-amanlığın carçısı olduğunun əyani sübutudur.


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı