Azərbaycan regionda söz sahibidir, qalib dövlətdir – Aydın HÜSEYNOV

“Hər xalqın, dövlətin, hətta hər bir fərdin tarixin bir dönəmində sınaq günü olur. Hər kim bu sınaqdan uğurla, üzüağ çıxırsa onun yaşamağa, inkişaf etməyə haqqı da olur. Azərbaycan xalqının da tarixdə az sınaqları olmayıb. 2020-ci ilin payızında baş verən və xalqımızın, dövlətimizin, Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Xalqımız yurd, torpaq itkisi ilə nəinki 30 il, hətta 100 il də keçsə barışmayacağımızı bir daha sübut etdi. Müharibəni də ermənilərdən fərqli olaraq bütün qaydalara uyğun, mərdliklə, mülkü şəxsləin canlarına toxunmadan apardıq, ədalət meyarını heç vaxt yaddan çıxarmadıq. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşü zamanı bir daha vurğuladı”. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov ölkə rəhbərinin Ağalı sakinləri ilə görüşündə dediyi fikirlərə münasibətində bildirib.

A.Hüseynov qeyd edib ki, Ermənistan sillahlı qüvvələrinin 30 ildə məhv etdiklərini bu gün Azərbaycan yenidən qurur, ermənilərin xarabalığa çevirdikləri kənd və şəhərlərimiz gülüstana dönür: “Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. 30 il münaqişənin həlli ilə guya məşğul olan, halbuki bu illər ərzində Qarabağı Azərbaycandan qoparmağa və Ermənistana birləşdirməyə çalışan ATƏT-in Minsk qrupu da yoxdur. Hərdən Ermənistan və onun dostları Minsk qrupunun mövcudluğundan danışırlar. Amma əbəsdir, adıçəkilən beynəlxalq təşkilat kimlər üçünsə var ola bilər, amma Azərbaycan xalqı üçün artıq keçmişdir. Hər şey reallıqla ölçülür, dünya bunu Azərbaycanın yanaşdığı kimi qəbul edir. Erməni politoloqlardan bəziləri Azərbaycanın regional gücə çevrildiyini qəbul edərək soydaşlarını realıqla barışmağa dəvət etsələr də Azərbaycanın qələbəsini, haqqı olanı aldığını qəbul etməkdə çətinlik çəkənlər bu gün İrəvanın küçələrində etiraz aksiyaları keçirir, xislətlərinə uyğun olaraq Azərbaycanla müharibə dilində danışmaq istəyirlər. Bununla paralel olaraq Ermənistanla sərhədlərimizi müəyyən etmək üçün danışıqlar aparırıq, sülh prosesini yaxınlaşdırmaq üçün beynəlxalq qayda və prinsiplərə uyğun olan 5 maddəlik şərtimizi qarşı tərəfə vermişik. Əsrlər boyu davam edən münaqişəyə son qoymaq, iki dövlət arasında dayanıqlı barışı təmin etmək üçün addımlar atırıq. Ermənistandakı revanşist, faşist qüvvələrə də başa salmağa çalışırıq ki, biz kimsənin ərazisini işğal etməmişik, haqqımız olan, dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazilərimizdə suveren hüquqlarımızı bərpa etmişik və onların da ərazi iddialarına rəsmən son qoymaları lazımdır. Qarabağ Azərbaycan ərazisidir və belə də olacaq. Ən önəmlisi isə Zəngəzur dəhlizinin açılmasıdır. Bu barədə sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bildirib ki, “daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik. Nəyin hesabına? Əlbəttə ki, müharibənin nəticələrinin hesabına. Çünki biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki, bu amil Azərbaycan-Ermənistan təmasları əsnasında ön plandadır”. Bəli, Azərbaycan regionda söz sahibidir, müharibənin taleyini müəyyənləşdirdiyi kimi, sülh prosesinin mətnini də özü yazır, Ermənistan istəsə də, istəməsə də”.