Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir

Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. 

Azərbaycanla Rusiya Federasiyası arasında bugünkü dostluq əlaqələrinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın Ümummillli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Rusiya ilə münasibətlərin inkişafında mühüm irəliləyişə nail olunub.

Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi və hüquqi baza formalaşdırıldı. İki ölkə arasında bugünə kimi 250-dən çox sənəd imzalanıb ki, bu da siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi, elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması və digər sahələri əhatə edir.

Bununla yanaşı, iki ölkə arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin qarşılıqlı səfərləri böyük əhəmiyyətə malikdir. Elə bu fonda cari ilin avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. 

İki ölkə arasında imzalanan vacib sənədlərdən biri isə, heç şübhəsiz, 2022-ci il fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında bu məqama toxunaraq bildirmişdir: “Səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir”.

Görüş zamanı dövlətlərarası münasibətlər üçün mütəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə edilib. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırıldığını və uğurla fəaliyyət göstərdiyini vurğulayarq qeyd etmişdir: “Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür. İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub”.

Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. Əminliklə demək olar ki, Ölkə Prezidenti cənab İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcəkdir.

Rəşad SADIQOV,

s.e.ü.f.d., ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri