Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi şəkildə nəzərdən keçirməyə hazırdır

“Vətən müharibəsindəki parlaq qələbədən sonra Azərbaycanın nəqliyyat-logistika imkanları daha da genişləndi. Xüsusilə də, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi Azərbaycanı Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirdi. Eyni zamanda, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Bu mənada təsadüfi deyil ki, bu gün Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Bu da Azərbaycana marağı getdikcə artırır və ölkəmizin sözügedən nəqliyyat-logistika xəttində yerləşən dövlətlərlə münasibətləri daha da dərinləşir. Məhz bu kontekstdə Mərkəzi Asiya dövlətləri, xüsusilə də Tacikistanla münasibətlər xüsusi əhəmiyyətə malikdir”.

Bunu Sabahinfo.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan ilə Tacikistanı tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir: “Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Həmçinin iki ölkə arasında münasibətlərinin uğurlu inkişafı məhz ötən əsrin 90-cı illərinin əvvəllərindəki çətinliklərin, ictimai-siyasi sabitliyin pozulmasının, vətəndaş müharibəsinin nəticəsidir. Məhz, həmin dövrdə Azərbaycanda ümummilli lider Heydər Əliyev, Tacikistanda isə Prezident Emoməli Rəhmon xaos, anarxiya, özbaşınalıq vəziyyətini sabitlik və inkişaf səhifəsi ilə dəyişdilər. Bunun nəticəsidir ki, hazırda Tacikistan və Azərbaycan iki sabit dövlət olaraq inkişaf edirlər. Aprelin 5-də Tacikistanda səfərdə olan Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib ki, Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Ölkələrin bugünkü uğurlu inkişafının arxasında məhz xalqların böyük liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”.

“Bu gün Tacikistan və Azərbaycan nəqliyyat-logistika, sənaye kooperasiyasıa, investisiya layihələri sahəsində əməkdaşlıq edirlər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi şəkildə nəzərdən keçirməyə hazırdır. Elə Prezident İlham Əliyevin aprelin 5-də Tacikistana səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması da iki öllkə arasındakı əlaqələrin inkişaf etdirilməsi qətiyyətini nümayiş etdirir.