Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi

20-ci əsrin sonuncu on illiyinin ən qanlı səhifələrindən olan 20 yanvar faciəsi tək Azərbaycanın deyil, dünya tarixinin qanlı səhifələrindəndir.
Bu il həmin faciədən 33 il keçir. Azərbaycan xalqı 33 ildir ki, Sovet rejiminin xalqımıza qarşı törətdiyi qanlı 20 Yanvar faciəsini qeyd edir. 1990-cı ildə, yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu xalqımızın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq üçün dinc insanları vəhşicəsinə qətlə yetirdi.
Bu, qəsdən törədilmiş hərbi cinayət idi. Əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdıldı.
20 yanvar hadisələri əvvəlcədən planlaşdırılan və xalqımızın azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı mübarizəni sındırmaq məqsədi ilə törədilən qanlı cinayətdir. Ancaq bu vəhşilik belə, xalqımızın azadlıq ruhunu və müstəqillik uğrunda apardığı mübarizəsini dayandıra, qıra bilmədi. Əksinə bu faciədən sonra xalqımız daha da sıx birləşərək azadlıq arzusunu reallığa çevirdi.
Təbii ki, həmin dövrdə insanlığa qarşı törədilən bu qanlı cinayəti beyəlxalq hüquq müstəvisinə çıxarmaq mümkünsüz idi.
 Ulu öndər Heydər Əliyev böyük riskə gedərək Sovet rejiminin xalqımıza qarşı törətdiyi bu vəhşiliyi dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ulu öndər Heydər Əliyevbütün təhlükələrə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu qanlı faciənin təşkilatçılarını ittiham edib və insanlara qarşı törədilmiş bu cinayəti pisləyib. Bununla da Ulu öndər Heydər Əliyev xalqımızın başına gətirilən qanlı cinayətin bütün dünyaya yayılması üçün geniş bir qapı açmış olub.
Ulu öndərin o dövrdəki mərdliyini bu gün onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev davam etdirir. Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bütün təzyiqlərə təkbaşına sinə gərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoydu. İki ildir ki, şəhidlərimizin məzarlarını qalib ölkənin vətəndaşları kimi ziyarət edirik. 44 günlük Vətən müharibəsində tək torpaqlarımız işğaldan azad olunmadı, həmçinin müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin də intiqamı alındı. Azərbaycan xalqı heç zaman öz qəhrəman oğul və qızlarını unutmur. 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxan 20 yanvar şəhidləri də daim qəlbimizdə yaşayacaq və xalqımız daim onların əziz xatirəsini ehtiramla yad edəcək.
20 yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı Azərbaycan xalqının müqəddəs, milli dəyərlər naminə bir araya gəldiyi məkanına çevrilib.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı