Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərində yeni mərhələ - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımının Bakıya gözlənilən səfəri baş tutdu. Türkiyədə prezident seçkilərindən sonra ölkə rəhbərlərinin xaricə ilk səfərlərini Şimali Kipr və Azərbaycandan başlamaları artıq ənənə halını alıb. Prezident Ərdoğan da bu ənənəyə sadiq qalaraq Şimali Kiprdən Bakıya təşrif buyurdu. Qardaş ölkənin prezidentinin bu jesti Azərbaycan-Türkiyə münasibətlərini yenidən gündəmə gətirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsinin Azərbaycanda böyük coşqu və sevinclə qarşılandığını bildirən deputat əlavə edib: “Bu, təsadüfi deyildi. Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstəyi xalqımız heç zaman unutmayacaq. Diplomatik cəbhədə Azərbaycan uğurunda mücadilə aparan Türkiyənin siyasi rəhbərləri xaricdən olunan təzyiqlərə sinə gərir, onlara lazımi cavabları verirdilər. Bu mənada Türkiyə-Azərbaycan dostluğu dünya üçün nümunədir. Bu gün iki dövlət arasındakı münasibətlərin analoqu yoxdur. Çünki iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq bu gün xalqları arasında da çox yüksək səviyyədə inkişaf edir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri bu qədər yüksək səviyyədə olmayıb. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə yaxınlaşırlar. Təbii ki, bu əlaqələr, uğurlu nəticələr iki siyasi liderin uzaqgörənliyi və peşəkarlıqlarının sayəsində mümkün olub. Bakı ilə Ankaranın sarsılmaz dostluğu, birgə addımları bir çox xain planları, xaricdən gələn təhdidləri iflasa uğradıb”.

İltizam Yusifovun sözlərinə görə, qlobal güc mərkəzinə çevrilən türk dünyasının böyüməsindən, bütövləşməsindən narahat olan kənar qüvvələr qardaş ölkələrin arasında münasibətlərə xələl gətirmək, onları parçalamaq, zəiflətmək üçün gecə-gündüz çalışır, böyük enerji, maliyyə sərf edirlər. Türkiyədə keçirilən prezident və parlament seçkilərində bunun şahidi olduq. Kənarda hazırlanan ssenariyə əsasən Qərbin sözü ilə oturub-duran, ölkəsinin milli maraqlarını arxa plana keçirməyə hazır olan biri hakimiyyətə gəlməli idi. Həmin qüvvə ki, türk dünyasının birliyinə qarşı plan hazırlamışdı, Azərbaycanı tarixi İpək yolu xəttindən kənarda saxlamaq istəyirdi. Türkiyə və Azərbaycanın siyasi münasibətlərini zədələmək niyyətində olan xarici qüvvələrin planları ürəklərində qaldı. Türkiyə xalqının son qərarı, özləri üçün də ən doğrusu olan Türk Dünyası qərarı oldu.

“Türkiyə doğru adamla doğru yola davam edir. Azərbaycan da məhz doğru insanın rəhbərlik etdiyi ölkə ilə qardaşlıq münasibətlərini zirvəyə doğru aparır. İstər Prezident İlham Əliyev, istərsə də Rəcəb Tayyib Ərdoğan iştirak etdikləri platformalarda həm Azərbaycanı, həm də Türkiyəni təmsil etdiklərini dəfələrlə bəyan ediblər. 2014-cü ildə Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünya mediasinda gündəm olmuşdu.

Yaxud da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməsi, sarsılmaz qardaşlıq münasibətlərinə yeni güc qatdı”, -deyə deputat vurğulayıb.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin praktik nəticələrini Azərbaycan üçün taleyüklü bir məsələdə - 44 günlük Vətən müharibəsində aydın şəkildə gördük, hiss etdik. Türkiyəyə məxsus qırıcıların hazır vəziyyətdə Azərbaycanda olması bir çox kənar dövlətləri müharibəyə müdaxilə etməkdən çəkindirdi. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb etdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülh və təhlükəsizliyə töhfə verdi.

“Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra yenə ənənəsinə sadiq qalaraq ilk səfər etdiyi ölkələrdən biri kimi qardaş Azərbaycanı seçməsi, onu deməyə imkan verir ki, yaxın gələcəkdə dünya hələ çox nümunəvi qardaşlıq münasibətlərinə şahidlik edəcək. Azərbaycan və Türkiyə iki dost, qardaş ölkə olaraq bir çox hədəflərə çatacaq, yeni zəfərlər əldə edəcəklər”, - deyən İltizam Yusifov fikirlərini yekunlaşdırıb.