Azərbaycan Universiteti hansı beynəlxalq reytinqlərdə yer alıb? - SORĞU

Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqeyi təhsilin keyfiyyəti və universitetlərin qlobal mühitdə tanınması baxımından mühüm göstəricilərdən biri hesab olunur.

Bu səbəbdən universitetlərə hansı beynəlxalq reytinqlərdə yer aldıqlarına dair sorğu ünvanladıq.

Azərbaycan Universitetindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirlib ki, son illərdə akademik potensialın inkişafı, elmi - tədqiqat fəaliyyətinin stimullaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və gücləndirilməsi istiqamətlərində aparılan məqsədyönlü və ardıcıl işlərin nəticəsi olaraq beynəlxalq akademik mühitdə fəallığını qoruyub saxlayır, reytinqlərdə  yer almağa, mövqeyini möhkəmləndirməyə və irəliləməyə davam edir. 

Universitet son bir neçə ildə Şanxay reytinqi (Shanghai Ranking), RUR (Round University Ranking), Scimago (SCImago Institutions Rankings) kimi beynəlxalq reytinqlərə daxil olub. Elmmetrik göstəcilərdə artan dinamika müşahidə olunur. Web of Science və Scopus bazalarında Hirş indeks göstəricilərində artım davam edir. 

Belə ki, 2025-ci ilin yanvar ayında dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub. Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunub. Bu reytinqdə ölkə üzrə ən yüksək mövqe Azərbaycan Universitetinə məxsusdur. Universitet bu reytinqdə 301-400-cü pillələr arasında yer alıb.  
2025-ci ildə Azərbaycan Universitetinin “Web of Science” bazası üzrə Hirş indeksi 37-yə, “Scopus” bazası üzrə isə 41-ə çatıb. Universitet hər iki elmmetrik platformada ölkə üzrə 5-cidir. 

Universitet “Round University Ranking” (RUR) beynəlxalq reytinqində ümumi göstəricilərə görə, 2024-cü illə müqayisədə 2025-ci ildə 85 pillə irəliləyərək, ölkənin ali təhsil müəssisələri arasında 4-cü yerdə qərarlaşıb. RUR Fənn Reytinqi üzrə yenilənmiş göstəricilərə əsasən isə Azərbaycan Universiteti cədvəldə humanitar elmlər üzrə dünyada 507-ci, ölkədə 2-ci yerdə; sosial elmlər üzrə dünyada 827-ci, ölkədə 3-cü yerdə; texniki elmlər üzrə isə dünyada 642-ci,  ölkədə isə 1-ci yerdə qərarlaşıb.  

Azərbaycan Universiteti akademik tədqiqatların məhsuldarlığı, elmi nüfuzu və keyfiyyəti baxımından dünya üzrə 30 milyondan çox alim və 120 mindən çox müəssisənin fəaliyyətinin qiymətləndirildiyi SCHOLARGPS qlobal reytinqində də yer alıb. Azərbaycan Universiteti qeyd olunan qlobal platformada Azərbaycanı təmsil edən 3 ali təhsil müəssisəsindən biridir və ölkə üzrə ikinci yerdə qərarlaşıb.

Azərbaycan Universiteti dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində isə 4 ulduzla qiymətləndirilib.