Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi. Respublikamızın sərhədləri daxilində düşmən qüvvələrin silahlıları qalmadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suvürenlik İli” elan edildi. Bu sərəncam Azərbaycan dövlətçiliyinə böyük ehtiramın, dünyəvi münasibətlər sistemində Vətənə sevginin, dövlətə, dövlətçiliyə sədaqətin təsdiqi kimi tarixləşdi. Tarixi Zəfərə görə verilən bu sərəncam, bu sərəncamın mahiyyətinin mənəvi davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi də həmin ehtiramın davamıdır.
Müasir Azərbaycan dövlətinin dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri də humanizmdir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Suverenliyimizin bərpa olunması ilə Konstitusiyamızın dövlətimizin bütün ərazilərində tamlıqla qüvvədədir və bu qüruru cəmiyyətimizə Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusu yaşatdı.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması xalqımızın ən böyük tarixi qələbəsidir. Humanizm və mərhəmət ənənələrinə sadiqlik müasir Azərbaycanda həmişə mövcud olub, indi daha bəşəri bir səviyyədədir. Belə bir dövlətin siyasi konturları cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini də əhatələyir. Dövlət cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafında əsl vətəndaş məsuliyyəti ilə iştirak edəcəklərinə inanır. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il dekabrın 15-də amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Bu amnistiya azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü olub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin bəşəriliyinin, dövlət başçısının humanizminin, insansevərliyinin, azərbaycançılığının təsdiqidir. Dünya ictimaiyyəti bir daha əmin olacaq ki, Azərbaycan dövləti suverenliyini bütün çalarları ilə qoruyur, qoruyacaqdır!..
Azərbaycan vətəndaşlıq dövlətidir
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı