Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi

Məşhur Məmmədov,
Millət vəkili


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 104 il keçir.

104 bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Müstəqillik Gününü bu il də milli bayram kimi qeyd edir. Yarandığı gündən Müstəqil Azərbaycan Respublikası heç vaxt indiki kimi siyasi və iqtisadi cəhətdən qüdrətli olmayıb. 2 ildir ki, Respublika Günü işğaldan azad edilmiş torpaqlarda da əsgərlərimizin böyük coşqusu ilə qeyd edilir. Artıq Zəngilan rayonunda son tamamlanma işləri gedir. Tezliklə əhalinin "Ağıllı kənd"lərə köçürülməsinə başlanacaq. Ölkənin iqtisadiyyatının canlanması, əhalinin rifah halının yaxşılaşması aparılan düzgün idarəçilik strategiyasından xəbər verir. Müstəqillik günü ərəfəsində TEKNOFEST festivalının keçirilməsi, qardaş Türkiyə pilotlarının iştirakı ilə keçirilən uçuşlar və festivalda nümayiş olunanlar bütün dünyanın diqqətini Azərbaycana cəlb edib. Azərbaycanda görülən işlər, aparılan danışıqlar bir daha Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiklərini xatırladır - Azərbaycanın müstəqilliyi dönməzdir, sarsılmazdır, əbədidir!

Yaşasın müstəqil, güclü, azad Azərbaycan!