Azərbaycan xalqı əminli gələcəyə səs verəcək - Deputat

Ölkəmizin siyasi həyatında olduqca əhəmiyyətli rol oynayacaq Prezident seçkilərində xalqın kimə səs verəcəyini indidən söyləmək mümkündür. Qalib xalqın müzəffər siyasi liderə birmənalı etimad göstərməsi, onun ətrafında sıx birləşməsindən təbii nə ola bilər?

Bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

O bildirib ki, sözsüz, mahiyyət və miqyasından asılı olmayaraq, hər bir seçki ölkələrə demokratik təcrübə qazandırır.

“Demokratiyanın möhkəmlənməsində maraqlı olan hər bir qüvvə seçkilərdə fəal iştirak etməlidir. Seçkiləri boykot edənlərin demokratiyaya sadiqliyi ciddi şübhə doğurur. Yalançı patriotizmdən əziyyət çəkən siyasi qüvvələrin “liderlər”inin pafoslu çıxışları öz tərəfdarlarını aldatmağa, öz siyasi zəifliklərini ört-basdır etməyə hesablanıb. Hər kəs yaxşı bilir ki, Prezident İlham Əliyev keçiriləcək seçkilərdə mütləq favoritdir. Rəqibləri olsa da, alternativsizdir.

Bir çox ölkələrdə xalq iki güclü namizəddən ən güclüsünü seçir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevin rəqiblərinin ümumi gücü belə olduqca zəif təsir bağışlayır. Əslində müxalifət liderləri də yaxşı başa düşürlər ki, Azərbaycanda ölkəni ən yaxşı idarə edən və edəcək, gücləndirəcək yeganə güclü şəxsiyyət məhz İlham Əliyevdir. Müzəffər Ali Baş Komandanı güclü edən heç də onun rəqiblərinin zəif olması yox, xalqın ona sevgisi və təbii ki, ötən 20 il ərzində görülən işlərdir. Biz ölkə başçısının ötən müddət ərzində bütün uğurlarını, fəaliyyətlərini nəzərə almasaq, təkcə Şuşaya, Xankəndiyə və digər işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli bayrağımızı ucaltması kifayət edir ki, ona olan vəfa borcumuzu qaytaraq. 2020-ci ilə qədər ictimaiyyət arasında bir məşhur ifadə populyar idi. “Problem Qarabağdır, o da işğaldadır”. Biz artıq bu sözü işlətmirik. Vaxtilə biz bir kəndin azad edilməsi üçün dualar edirdik, qurbanlar kəsəcəyimizi vəd edirdik. Bu gün bütün Qarabağ, Şərqi Zəngəzur nəzarətimizdədir”, - deyə o qeyd edib.

Deputat bildirib ki, nüfuzlu və xarizmatik siyasi lider defisitindən əziyyət çəkən Qərb ölkələrinin cənab İlham Əliyevə qarşı qısqanc münasibətlərini haradasa başa düşmək olar.

“Kabinetlərdə yetişdirilən Qərbin siyasi liderlərinin döyüş meydanında qələbə qazanan bir peşəkar və təcrübəli dövlət xadiminə qarşı atdıqları addımlar heç bir nəticə verə bilməz. Qərbin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası, informasiya manipulyasiyası iradəmizə təsir göstərə bilməz. Azərbaycan xalqı hər zaman olduğu kimi yenə də əminli gələcəyə, inkişafa, sabitliyə səs verəcəkdir.

“Qalib Xalqın Qalib Lideri!” məzmunlu və geniş mahiyyətli şüar olmaqla yanaşı, bu şüarın arxasında konkret faktlar və nəticələr vardır. Bu, sadəcə seçki şüarı deyil, tarixi reallıqdır. Prezident seçkiləri Azərbaycanın yeni mərhələdə yeni hədəflərə doğru addım atmasının başlanğıcı olacaq. Xalqımız yeni hədəflərə ona daim qələbə sevinci bəxş edən siyasi liderlə birgə addımlamaq istəyir!”, - deyə deputat əlavə edib.