Azərbaycan xalqına olan sonsuz hörmətin təzahürü

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına rəsmi dövlət səfərini mühüm tarixi səfər kimi xarakterizə etmək olar. Səfər zamanı imzalanmış ikitərəfli sənədlər ölkələr arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etməsinə əminlik yaradır.

Bu sözləri Milli Məclisin deputatı Cavanşir Paşazadə AZƏRTAC-a açıqlamasında ifadə edib.

Bu səfərin həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etdiyini vurğulayan deputat deyib: “Daşkənddə ulu öndər Heydər Əliyevin adına yaradılmış meydanın açılış mərasimində Özbəkistan Respublikası Prezidentinin xalqımızın Ümummilli Liderinin fəaliyyəti barədə fikirləri bir növ Azərbaycan xalqına, onun dövlətinə olan sonsuz hörmətinin təzahürüdür. Şavkat Mirziyoyev ulu öndər Heydər Əliyevin adını daşıyan yenilənmiş küçəni və orada qoyulmuş abidəni Azərbaycan xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın əlaməti kimi dəyərləndirib.

İki ölkə rəhbəri arasında görüş zamanı xarici siyasətdə əlaqələndirmə, hərbi, logistik sahələrdə imzalanmış müqavilələr, eyni zamanda, nəzərdə tutulmuş müddətlərdə iki ölkə arasında iqtisadi inkişaf konsepsiyaların həyata keçirilməsi dövlətlərin birgə Bəyannaməsini təşkil edir. Azərbaycanla Özbəkistan arasında Strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə qlobal xarakter daşıyır, ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır və mahiyyət etibarilə gələcək fəaliyyətin yol xəritəsidir. Orada xarici siyasətin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyənləşdirilib”.

Cavanşir Paşazadə qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev genişmiqyaslı inkişafın layiqincə həyata keçirilməsi yönündə Azərbaycan xalqını, onun dövlətini və Prezident İlham Əliyevin xidmətlərini ən yüksək səviyyədə qiymətləndirib.