Azərbaycanda idman uğurla inkişaf edir

“Məlum olduğu kimi, 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar. Azərbaycan idmançıları yarışda 16 medal qazanıb ki, onlardan 7-si qızıl, 2-i gümüş və 7-si bürünc medaldır. Azərbaycan komanda hesabında Avropada birinci yerə layiq görülüb ki, bu da ölkə güləşi tarixində rekord nəticədir. Əldə olunmuş sözügedən uğur bir daha sübut edir ki, Azərbaycanda idman uğurla inkişaf edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan idman dövlətidir və idmançılarımız beynəlxalq arenada öz gücünü, dövlətimizin qüdrətini, xalqın xalqın iradəsini nümayiş etdirirlər: “Azərbaycan idmançıları uzun illərdir mötəbər yarışlarda qalib gəlməklə, dövlət himnini səsləndirməklə, bayrağımızı ucaltmaqla ölkəmizi dünyada təbliğ edirlər. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Sirr deyil ki,1990-cı illərin əvvəllərində anti-dövlət və anti-xalq siyasəti yürüdən AXC-Müsavat hakimiyyəti Azərbaycanı torpaqları işğal altında olan ölkəyə çevirmişdilər. Lakin Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində həm AXC-Müsavat hakimiyyətinin vurduğu ləkə silindi, həm də işğal altında olan torpaqlar azad olundu və bu gün Azərbaycan idmançıları ərazi bütövlüyü bərpa olunmuş qalib ölkəni qürurla təmsil edirlər”.

“Azərbaycan sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edilir: “Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarına birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, “Formula-1”i nümunə olaraq göstərmək olar. Heç şübhəsiz ki, beynəlxalq səviyyəli mötəbər idman yarışlarının keçirilməsi üçün məkan kimi Azərbaycanın seçilməsi təsadüfi deyil. Burada isə iqtisadi gücünü artıran və qlobal əməkdaşlığa sanballı töhfələr verən ölkəmizin dünya miqyasında nüfuzunun artması, respublikadakı davamlı sabitlik kimi amillər mühüm rol oynayır”.