Azərbaycanda toya hazırlaşan gənc qətl törətdi - YENİLƏNİB

Noyabrın 23-ü saat 21:00 radələrində Salyan rayon sakini 1992-cu il təvəllüdlü Səbuhi Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Tural Nəzərovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Səbuhi Qasımovun sol döş qəfəsi və baş nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tural Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

09:56

Salyan rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub.

Publika.az-ın məlumatına görə, rayonun Babazanlı kəndində yaşayan Tural Nəzərov hadisə yerinə idarə etdiyi taksi ilə gələn Səbuhi Qasımov Sərdar oğlu ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Bildirilir ki, qətli törədən şəxs nişanlıdır və bu yaxınlarda toyu olacaqmış.

Qətlə yetirilən gənc isə özünə məxsus VAZ-2107 markalı avtomobillə Salyanda taksi fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı cinayət işi açılıb, hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, fotodakı qətlə yetirilən Səbuhi Qasımovdur.

23:10

Salyan rayonunda qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, yaşayış massivinin sakini, 1992-ci il təvəllüdlü Səbuhi Qasımov Sərdar oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Bir bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.