Azərbaycanın 104 illik müstəqillik yolu

Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyalarında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan həmin dövrdə qısa vaxt ərzində böyük nailiyyətlər əldə etmişdir. İlk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar, peşəkar hərbçilər xalqımızın yaddaşında əbədi yaşayacaqlar.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Deputat qeyd edib ki, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik, dini və cinsi mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və digər işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Hələ sovet dövründə bizim tarixi keçmişimiz unutdurmağa çalışanda ümummilli lider Heydər Əliyev Azərbaycanda elə bir inkişaf strategiyası həyata keçirdi, elə cəsarətli layihələr reallaşdırdı ki, onlar sonradan müstəqil Azərbaycanın əsas sütunlarına çevrildi. 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə ölkədə xaos və özbaşınalığa səbəb oldu. Digər tərəfdən, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün “ordu”su yaranmışdı. İctimai-siyasi vəziyyətin çətin və mürəkkəb olduğu bir zamanda Heydər Əliyev xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlandı, nizami ordu yaradıldı. Həmçinin ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərinin əsası qoyuldu.

Bu gün dövlətimizin başçısı İlham Əliyev bu prinsipləri əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün fəxrlə deyirik ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, imzaladığı sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin başçısı tərəfindən daha da gücləndirilən davamlı siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.

Artıq ikinci dəfədir ki, bu bayramı qalib xalq kimi qeyd edirik. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Qələbəsindən sonra xalqımızın özünəinam hissi daha artıb. Bu Zəfəri ölkəmizə dövlətimizin başçısı, mahir diplomat, böyük sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. İndi Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri aparılır, tezliklə həmin ərazilərin vətəndaşları orada yaşamağa başlayacaqlar. Artıq Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edir. Füzuli Beynəlxalq Hava Limanı hər kəsi yaxşı mənada təəccübləndirir. Çəkilən yollar, tunellər, enerji, qaz, su infrastrukturu, tikilən yaşayış binaları, sosial obyektlər, salınan kəndlər, şəhərlər Azərbaycanın qüdrətini, iqtisadi imkanlarını göstərir. Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilana səfər etmələri, görülən işlərlə tanış olmaları, təməlqoyma mərasimində, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılışında iştirak etmələri, sakinlərlə görüşləri keçmiş məcburi köçkünlərin qədim Qarabağ və Şərqi Zəngəzur torpağında “Böyük Qayıdış”ın başlanğıcı oldu. Prezident İlham Əliyevin dediyi kimi, “biz bu torpaqlara qayıtmışıq, əbədi olaraq öz tarixi torpaqlarımızda yaşayacağıq”.