"Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir" - İlham Əliyev

ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulub. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin AZƏRTAC-ın sorğusuna cavabında bildirilib.

Qeyd olunub ki, dövlətimizin başçısı telefon danışığı zamanı, həmçinin vurğulayıb: “Bir sıra Qərb ölkələrinin bu məsələ (insan hüquqları – red.) ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik”.

Prezident İlham Əliyev Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.