Azərbaycanın dünyəvi imici üçün gərəkli sənəd

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına məktub ünvanlayıb. Bu məktub rəsmi tezislərdi və Azərbaycan dövlətinin mövqeyinin tarixi ifadəsidir.

İkinci Qarabağ müharibəsi tarixi Zəfərlə başa çatdı. Türkiyə ilə Azərbaycan arasında Şu­şa Bəyannaməsi imzalandı. Zəfərdən sonra Şuşada neçə-neçə dövlət tədbiri keçirildi. Təd­bir­lərin Şuşada keçirilməsi həm tarixi Zəfərin əhəmiyyətinin, həm də dünyəvi siyasətin Azər­bay­canla bağlı məqamlarının bilavasitə Şuşa ilə bağlılığını təmin etmək niyyətidir. Məhz bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası da Şuşa şəhərində keçirildi.

Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin təəşəbbüsçüsü olub. Bu, onun dövlətçilik mahiyyəti ilə bağlıdır, yəni Azərbaycan bəşəri dövlətdir. .Regional məsə­lə­lərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbay­can 3+3 əməkdaşlıq formatını irəli sürüb.

Ermənistanın işğalı 30 il davam etdi. Nə dünyanın aparıcı dövlətləri, nə də beynəlxalq təşkilatlar işğalın bu qədər uzanmasına görə ciddi münasibət bildirmədilər. Onda problemi Azər­baycanın özü öz ordusunun gücü ilə döyüşlə həll etdi. Ermənistanın işğalı Azərbycana ağır zərbələr vurdu. Bu zərbələrdən biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İs­lam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev məktubda qeyd edir: “Əfsuslar olsun ki, bu dövrdə 67 məscid­dən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağı­dıl­ması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycan­lı­ların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir”

Azərbaycanın etibarlı tranzit ölkə olduğu da xatırladılır. Məktubda qeyd olunur ki, “... bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşru­tu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı məktub Azərbay­ca­nın dünyəvi imicində əhəmiyyətli sənəd kimi tarixləşdi...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı