Azərbaycanın həm daxili, həm də xarici siyasətində varislik prinsipi qorunub saxlanılıb

Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev müasir Azərbaycanın qurucu rəhbəri, həm də dünya azərbaycanlılarının lideridir. Dövlətimizin başçısı nəinki ölkədə, həm də beynəlxalq aləmdə kifayət qədər nüfuza malik siyasətçidir. Prezident İlham Əliyevin 2003-cü ildən yürütmüş olduğu milli maraqlarımıza xidmət edən balanslaşdırılmış xarici və daxili siyasəti nəticəsində hər il qazanılan yeni uğurlar milli dövlətçiliyi möhkəmləndirir, məğlubları isə daha da miskin vəziyyətə salır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

O bildirib ki, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,03 faiz səsinin qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etdi. Səsini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünyasəviyyəli siyasətçiyə verdi. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

“Seçkilərdən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı, Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik ödəmələr verildi. Ən mühüm addımlardan biri isə problemli kreditlərlə bağlı cəmiyyətin böyük üzüntüsünə - insanların banklardan əsarətinə son qoyulması oldu. Problemli kreditlərlə bağlı məsələnin birdəfəlik qapadılması üçün 2019-cu ilin fevralında analoqu olmayan Fərman imzalandı. Həmçinin ölkəmizdə kadr və struktur islahatları, korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlər gücləndirildi.

Dövlətimizin başçısı qarşıya qoyduğu hədəflərə uyğun olaraq iqtisadi islahatları daha da dərinləşdirdi, heç bir sosial layihə təxirə salınmadı. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi imkanlarımızın artırılması da prioritet məsələ kimi öndə dayandı. 2020-ci ilin əvvəllərindən bütün dünyanı cənginə almış koronavirus bəlasından ölkəmiz, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi, müdrik, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində az itkilərlə qurtulmağı bacardı. Azərbaycan COVID-19-la mübarizə tədbirləri zamanı 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü maliyyə töhfəsi etdi. Bu addımlar da Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır”, - deyə A.Məmmədov vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini həyata keçirdiyi vaxtlarda, həm də 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsini yaşadı. Ermənistan silahlı qüvvələrinin ərazilərimizi müxtəlif istiqamətlərdən atəşə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məğrur Ordumuz qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı sarsıdıcı cavab tədbirləri həyata keçirdi, bütün istiqamətlərdən əks-hücuma keçərək düşmən mövqelərinə ağır zərbələr endirərək tarixi Zəfərə imza atdı.

Şanlı Qələbəmiz ümumilikdə Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. Qırx dörd gündə 30 ilin işğalına son qoymaq Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi oldu. Ölkəmiz bu illər ərzində münaqişənin sülh danışıqları əsnasında həllinə səy göstərməklə yanaşı, hərb variantını da istisna etməyərək iqtisadi gücünü artırdı, ordunun maddi-texniki bazasını möhkəmləndirdi, döyüş ruhunu yüksəltdi, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini əsas məsələ kimi qarşıya qoydu. Məhz bu amillərin - dövlətin qətiyyətinin, Ordumuzun gücünün, qüdrətinin, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyinin, Vətən sevgisinin vəhdəti sayəsində torpaqlarımız öz tarixi sahibinə qovuşdu.

“Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərib. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılıb. Başqa sözlə, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir”, - deyə deputat diqqətə çatdırıb.