Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi bir daha sübut olundu

Ölkəmiz öz xarici siyasətində heç bir hərbi ittifaqa qoşulmamaq istiqamətini seçmiş dövlət olaraq 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Bu təşkilat özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu və Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Qeyd edim ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında Bandunq prinsipləri qəbul edilmiş, 1961-ci ildə bu prinsiplər əsasında Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur.

Hərəkatın əsasının 1961-ci ildə qoyulmasına baxmayaraq, məhz Azərbaycanın sədrliyindən sonra təşkilat sürətlə inkişaf etməyə başlamışdır. Xüsusilə cənab Prezidentin təşəbbüsü ilə ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı üçün qəbul edilmiş bir sıra tarixi qərarlar təşkilatı daha da möhkəmləndirmiş və nüfuzunu artırmışdır. Dünya ictimaiyyətinə də yaxşı məlumdur ki, məhz bizim sədrliyimiz dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi təsis edilmiş, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması təklif edilmiş və bu təklif üzv dövlətlər tərəfindən dəstəklənmişdir. 2022-ci il 30 iyun-01 iyul tarixlərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk iclası da məhz ölkəmizdə keçirilmişdir. Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini də uğurla təşkil etmişdir. 

İyulun 5-də isə Azərbaycan yenidən Qoşulmama Hərəkatının fəaliyyətinə növbəti töhfəni verərək  Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşünü təşkil edib.  Cənab Prezident özü şəxsən görüşdə çıxış edib və Qoşulmama Hərəkatının nüfuzunun artırılması, yenidən formalaşan dünya nizamında Hərəkatın öz yerini daha da gücləndirməli olması ilə bağlı vacib çağırışlar edib. 

Qoşulmama Hərəkatının ən mühüm prinsipləri dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək və digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinməkdir. Belə mötəbər məqsədlərə xidmət edən və BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan təşkilat beynəlxalq arenada daha mühüm rol oynamalıdır. Xüsusən də,  Prezident İlham Əliyevin vurğuladığı kimi BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətini nəzərə alsaq, Qoşulmama Hərəkatının dünya düzəninin yenidən formalaşmasında fəal iştirakının labüd olduğunu görərik. Azərbaycan BMT Təhlükəsizlik Şurasının passiv fəaliyyətinə  birbaşa məruz qalan ölkələrdən biridir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 30 ilə yaxın bir müddətdə icrasız qalmışdır. Sonda 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edərək  Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etmişdir. 

Təsadüfü deyil ki, cənab İlham Əliyevin  BMT Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsi ilə bağlı təklifləri bu gün dünyanın əksər ölkələrində müsbət qəbul edilir. 

Neokolonializm siyasətini sərt tənqid edən və dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatına üzv dövlətlərini Fransanın yeni müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmağa çağıran dövlət başçımızın  xüsusən Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu söyləməsi böyük cəsarət və ədalət nümunəsidir. Daima qondarma erməni soyqırımına münasibətdə qərəzli və tərəfkeş münasibət sərgiləyən, tarixi faktlardan uzaq və qeyri-obyektiv araşdırmalar nəticəsində əldə edilmiş məlumatlara əsaslanan baxış ortaya qoyan Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin soyqırımına məruz qalması dövlət başçımızın çıxışında xüsusi vurğulanmışdır.  

Vətən müharibəsi nəticəsində qazandığımız Zəfəri həzm etmək istəməyən və Qarabağda separatçılıq meyillərini gücləndirməyə çalışan Fransanın Cənubi Qafqaz regionunda sabitliyə təhlükə yaradan bu siyasətinin ifşa edilməsi olduqca vacibdir. Özünü erməni separatizminin havadarı kimi görən Fransa öz ölkəsində etnik azlıqlar  konsepsiyasını qəbul etmir,  hətta Korsika dilinə qadağa qoyur, bizə gəldikdə isə özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsindən sonra bu ölkənin daxilində irqçilik və islamofobiya ilə bağlı dərin problemlər olduğu bir daha aşkar olundu.  Halbuki, Azərbaycanda etnik azlıqların hüquqlarının pozulmasından söhbət gedə bilməz. Biz birbaşa Konstitusiya səviyyəsində, 21-ci maddədə də təsbit etmişik ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. 
Əlbəttə, bizim dünyanın diqqətini cəlb etməli olduğumuz əsas məsələlərdən biri ölkəmizin ərazisindəki erməni hərbi və yarımhərbi elementlərinin  tərksilah edilməli olması və onlara havadarlıq edən  Ermənistanın, rəsmi İrəvanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə israr etməsi faktıdır. Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Cənab Prezidentin qeyd etdiyi kimi, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Sevindirici haldır ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra hər zaman  Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər.

Nazirlərin görüşündə üzv dövlətlərin fəal iştirakı bir daha təsdiq edir ki, Azərbaycanın sədrliyi dövründə nüfuzu daha da artan və təşkilati cəhətdən daha da təkmilləşən  Qoşulmama Hərəkatı bundan sonra da ölkəmizin, eləcə də digər üzv dövlətlərin milli maraqlarının qorunması üçün beynəlxalq miqyasda əhəmiyyətli platforma rolunu oynamağa davam edəcək.


Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin 
sədri Ziyafət Əsgərov