Azərbaycanın sülhə və əməkdaşlığa əsaslanmış enerji siyasəti

1990-cı illərin əvvəlində müstəqilliyinə qovuşmuş Azərbaycan bütün dünya dövlətləri tərəfindən tanındıqdan sonra, Azərbaycan xalqına aid olan təbii sərvətlərin düzgün idarə olunmasını və bölgüsünü şəffaf apararaq, dövlət maraqlarını təmin etməklə hər bir iddialı tərəfin maraqlarının təmin olunmasına çalışıb. Müstəqilliyinin ilk dövründə Azərbaycan demokratik üsul idarəçiliyinin və dövlətçilik ənənələrinin multikultural dəyərlər əsasında formalaşdırma siyatəsini həyata keçirdi. 

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsi o zaman dünyanın və regionun gələcək inkişafında bütün tərəflərin maraqlarını təmin etməklə bu günə qədər öz dayanıqlılığını qoruyub saxlayıb. Əsrin Müqaviləsinin icrası eyni zamanda Azərbaycan dövlətinin dünyada tanınmasına, nüfuzunun artmasına gətirib çıxarmış, eləcə də etibarlı tərəfdaşa çevirmişdir. Məhz müstəqilliyimizin əsaslarından biri olan neft müqaviləsi iqtisadiyyatımızın inkişafına, İkinci Qarabağ-Vətən Müharibəsində Zəfərimizin əldə olunmasında mühüm maliyyə mənbəyinə çevrildi.

Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu xarici siyasətində enerji siyasətini prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildə Qərb-Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi, eləcə də dünya siyasi arxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslanan enerji siyasətinə olan sadiqliyi Avropa İttifaqının, eləcə də Avropa İttifaqına üzv dövlətlərin Azərbaycana olan marağını artırmaqdadır. 

Bu gün Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda dördüncü sənaye inqilabının çağırışlarından olan alternativ enerji mənblərinin müəyyən edilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır. 

Son illərdə ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb. Belə ki, 20-dən çox ölkəni, 40-dan çox beynəlxalq şirkətləri əhatə edən, 3500 kilometrdən artıq uzanan TAP və TANAP qaz kəmərlərinin şaxələndirilməsi işinə töhfə verərək bu gün istehsal etdiyi qazın Avropa bazarına çatdırmağa nail olub.

Etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində iştirakı ilə bu gün yeni uğur hekayəsi yazır. 01 mart 2024-cü il tarixində Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi, “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir.” 

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yubiley iclası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının da keçirilməsi ölkəmizin alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə, eləcə də dünyada ekoloji problemlərin həllinə göstərdiyi pozitiv siyasətdir. 
Eyni zamanda Azərbaycan öz təbii neft-qaz yataqlarından başqa, bağlanmış müqavilələr əsasında qısa müddətdə küləkdən, günəşdən əldə olunan alternativ enerjinin istismarına başlayacaq. Bu da Paris İqlim Sazişində nəzərdə tutulduğu kimi, təbii ehtiyatların mühafizəsi, iqtisadiyyatın dekarbonizasiyası, ümumilikdə ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün əlavə yeni imkanlar yaradacaqdır.
Beləliklə, artıq üç ildir fəaliyyət göstərən Cənub Qaz Dəhlizi layihəsi Avrasiyanın ən böyük infrastruktur layihələrindən biri olmaqla yanaşı, eyni zamanda kəmər üzərində yerləşən dövlətlərin xalqlarının iqtisadi, mədəni, siyasi əlaqələrinin genişlənməsinə və dünyada sülhün dayanıqlılığına öz töhfəsini verir. 

Təsadüfi deyil ki, Azərbaycan bütün dünya dövlətlərinin yekdil qərarı ilə bu il COP29-a ev sahibliyi edəcək. Bu, ölkəmizin dünyada həyata keçirdiyi enerji layihələrinə, ümumilikdə enerji siyasətinə verdiyi qiymətin bariz göstəricisidir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı