Azərbaycanın  vəkillik  tarixində çox əlamətdar hadisə

"Azərbaycan Vəkillər Kollegiyasının "CCBE" təşkilatına üzv olması  Azərbaycanın  vəkillik  tarixində çox   əlamətdar hadisədir."  Bu  sözləri  Olaylar.az-a  açıqlamasında  14  saylı  Vəkil Bürosunun  rəhbəri Telman  Qasımov  deyib. O  bildirib  ki, bununla  da  Azərbaycan  vəkillərinin  dünya  hüquq  ictimaiyyətinə  inteqrasiyası  güclənəcək, Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəcək, Avropada təcrübə keçmək imkanları mümkün olacaq, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcək. Telman  Qasımovun  sözlərinə  görə dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bütün  sahələrdə  olduğu  kimi  vəkillik  sahəsində  belə ciddi  uğurun  qazanılması  Azərbaycanın  beynəlxalq  hüquq  siyasətində, insan haqlarının  qorunmasında öz  sözünü  deməsinə  şərait  yaradacaq- " Bu  əlamətdar  hadisə ilə   Azərbaycan  vəkilliyi  sanki  dünyaya  yenidən  doğdu. Bu  işdə  4  il  sərasər    əmək  sərf  edən Vəkillər  Kollegiyasının sədri  Anar  Bağırovun  xüsusi  fədakarlığını  hər  kəs  qiymətləndirməlidir" 

Xatırladaq  ki, bu il mayın  13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda  Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə "CCBE" təşkilatına üzv olub. 

Qeyd  edək  ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən "CCBE" təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır.