"Mütəmadi olaraq rayon rəhbərliyi ilə əlaqə saxlayıb son vəziyyəti öyrənirəm"

Ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. Hazırda xüsusi karantin elan olunmuş bölgələrdə vəziyyət necədir? Hansı problemlər yaşanır?

Modern.az karantin bölgələrində təmsil olunan deputatlarla əlaqə saxlayaraq son vəziyyəti öyrənməyə çalışıb. 67 saylı Cəlilabad şəhər seçki dairəsinin deputatı Malik Həsənov bildirib ki, virusun ilk günləri daha çətin idi: "Bildiyiniz kimi, Cəlilabad rayonu koronavirusa yoluxma baxımından ilk sırada yer alır. İlk vaxtlarda insanlar karantin rejiminə alışa bilmirdilər. Halbuki, karantin rejimi hər birimiz üçün önəmlidir. Bu yolla virusun yayılmasının qarşısını ala bilərik. Təbii ki, mütəmadi olaraq rayon rəhbərliyi ilə əlaqə saxlayıb son vəziyyəti öyrənirəm. Aldığım məlumatlara görə, artıq rayon camaatı virusun gerçəkliyinə inandığından qorunma vasitələrinə ciddi üstünlük verirlər. Bu da virusla mübarizədə müsbət haldır”.