Oğluna görə “Bandotdel”də saxlanılan ata azadlıqda - 4 gün sonra

Bakıdakı "Bulaq” restoranında baş vermiş silahlı insidentlə əlaqədar axtarışa verilmiş Samir Allahyarovun "Bandotdel”də saxlanılan atası Rafiq Allahyarov həbsdən azad olunub.


AzNews.azxəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O qeyd edib ki, R.Allahyarov 4 gündür ki, qanunsuz olaraq Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılırdı: "Oğluna görə atanı həbs etmək, "oğlun gəlsin buraxaq" deməyin qanunsuz olduğunun fərqinə vardılar. Ümid edirəm ki, bir də belə etməyəcəklər”.

E.Sadıqov onu da əlavə edib ki, həbs etdikləri şəxsin vəkilləri ilə görüşünnə icazə verməmək BMCMİ-də adətə çevrilməkdədir:"Artıq xeyli işlərdir ki, məni müdafiə etdiyim şəxslə görüşməyə imkan vermirlər. BMCMİ-nin əməkdaşlıq etdiyi vəkillərin aylıq iş saatı ümumi olaraq 1000 saatdan çox hesablanır. Bir ay ərzində 1000 saat olmadığı halda, həmin vəkillər 1000 saat necə işləyə bilərlər?”

Xatırladaq ki, cinayət hadisəsi aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş verib. Məlumata görə, həmin restoranda müştərilər arasında mübahisə baş verib. Mübahisə zamanı müştərilərdən biri odlu silahla digər şəxslərə doğru bir neçə dəfə atəş açıb. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.