Dövlət tərəfindən tənzimlənən qiymətlərin, xüsusilə də qaz və işığın, yanacağın qiymətlərinin bahalaşması dərhal ərzaq bazarına təsir etdi.
Maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunmağa başlayıb. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələridir. Yaxın vaxtlarda qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.
Sual olunur, qiymətlər artırılırsa, nə üçün maaşlar yerində sayır. Məntiqlə, maaşlar da artıtılmalıdır?
Kiçik sahibkar Məhərrəm Məmmədovun sözlərinə görə, qarşıdan Yeni il bayramı gəlir və hər bayram ərəfəsində psixoloji amillərin təsiri altında ərzaq bazarında kəskin bahalaşma olduğunu nəzərə alsaq, Tarif Şurasının son qərarının təsiri ilə müşayiət olunan bahalaşma hətta bəzi məhsullarda 100 faizə yaxın ola bilər. Bu isə qiymətlərdə iki dəfə artım deməkdir.
"Tarif Şurasının differensial yanaşması, optimal qiymət siyasəti həm iqtisadi, həm də sosial aspektlərinə görə ciddi tənqidə layiqdir: Diferensiallıq müxtəliflik deməkdir. Belə müxtəliflik adətən gecə və gündüz, iqtisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tariflərlə ifadə olunur. Azərbaycanda isə saat qurşağını belə düzgün seçə bilməyən hökumət (hazırda hava işıqlanması səhər saat 7.30-dan sonra başlayır) məqsədli şəkildə əhalini elektrik enerjisindən istifadəyə sövq edir.
O da vurğulanır ki, Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirici səviyyənin 1 sayğaca görə 250 kilovat saat müəyyən edilməsi də iqtisadi cəhətdən əsaslandırılmayıb. Belə ki, bir çox ölkələrdə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Burda təbii ki, başlıca məqsəd aztəminatlı əhalinin sosial vəziyyətinin ağırlaşmasının qarşısını almaqdır. Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir. Hətta, məcburi köçkünlər üçün adambaşına norma yay aylarında 100 kilovat, qış aylarında isə 200 kilovat, orta hesabla isə 150 kilovat müəyyən edilib.
Tarif Şurasının son qərarının aşağıdakı fəsadlara səbəb olacağı bildirilir:
1. Yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olan halda əslində ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayının sürətlə artımı müşahidə olunacaq.
2. Elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısa müddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzun müddətli dövrdə elektrik enerjisinə görə boclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasında konfliktlər yaradacaq.
3. Əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışı pisləşəcək. Müasir məişət (qab yuyan, paltar yuyan və qurudan və s. ) və elektron (televizor, radio, kompyuter və s.) avadanlıqların istifadə səviyyəsinin aşağı düşməsi nəticəsində ev təsərüfatlarında sosial-iqtisadi tərəqqinin nəticələrindən bəhrələnmək səviyyəsi aşağı düşəcək.
4. İnflyasiya səviyyəsi yüksələcək. Eyni və digər bazarlarda qarşılıqlı təsirlərdən və xərclərin artmasından qaynaqlanan faktorlar qiymətləri sürətlə bahalaşdıracaq. Qiymət artımı əvvəlcə elektrik enerjisi və qaz sərfiyyatı yüksək olan çörək bişirmə, qənnadı, emal, polad əritmə və digər müəssisələrinin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdıracaq. Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən tutmuş hotel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq.
5. Sosial narazılıq artacaq. Düzgün olmayan differensiallaşdırma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək. İndi belələrinin sırasına diffensiallaşdırılmanın neqativ təsirlərinə məruz qalanlar da qoşulacaq".