Rövşən Lənkəranskinin avtoritet dostu barəsində olan qərar ləğv edildi

Bakı Apellyasiya Məhkəməsində qardaşını qətlində təqsirləndirilən Teyyub Paşayevin həbsxana rejiminə keçirilməsi barədə cəzaçəkmə müəssisəsinin təqdimatının təmin edilməsinə dair Baş Prokurorluğun verdiyi protest üzrə məhkəmə yekunlaşıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən protest təmin edilib və Nizami Rayon Məhkəməsinin çıxardığı hökm ləğv olunub.

Qeyd edək ki, T.Paşayev onun həbsxanaya keçirilməsi barədə cəzaçəkmə müəssisənin təqdimatının təmin edilməsi üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə məhkumun təqdimatını təmin edib. Həmin qərardan narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.

Xatırladaq ki, 2012-ci ilin sentyabrın 4-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində qətl hadisəsi baş verib. T.Paşayev doğma qardaşı Seyyub Paşayevə odlu silahdan atəş açıb. Ağır güllə yarası alan S.Paşayev 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sonra Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən T.Paşayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi 1 ədəd "Makarov” markalı tapança, 2 patron darağı və 14 ədəd patron götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Belə ki, T.Paşayevin 9 il cəzası 7 il 6 ay müddətinə endirilib.

T. Paşayev kriminal aləmdə tanınmış şəxs olub. Məlumatlarda onun kriminal avtoritet Rövşən Lənkəranski ilə yaxın münasibətləri olub.

Lent.az