"Monopolist mühasiblər"ə xəbərdarlıq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  icraçı direktoru Fərasət Qurbanov  layihələrin icra vəziyyətilə bağlı QHT-lərə çağırış edib. Müraciətdə deyilir:


Hörmətli QHT nümayəndələri!
Bildiyiniz kimi, hər ilin sonunda Şura maliyyələşdirdiyi layihələri qiymətləndirir və onun nəticələri barədə Şuranın rəsmi saytında, eləcə də digər informasiya portallarında məlumat verilir. Layihələrin qiymətləndirilməsi ilə yanaşı onların idarə olunma vəziyyəti, təsviri hesabatlar və onların yazılış üslubu, maliyyə hesabatları və təqdim olunan ciddi hesabat sənədləri, tədbir iştirakçılarının qeydiyyat vərəqləri, foto şəkillər, video materiallar, layihələrin icrasına cəlb olunan şəxslər və onların müvafiq sahə üzrə mütəxəssis olmasını təsdiq edən sənədlər, çap məhsullarının məzmunu və keyfiyyəti, çap məsullarında qeyd olunan mətbəənin adı və bu barədə təqdim olunan maliyyə sənədi və sair bu kimi məsələlər Şura Katibliyi tərəfindən ciddi şəkildə araşdırılır. Aparılan araşdırmalar onu göstərir ki, son illərdə bu sahədə baş verən müsbət tendensiyalarla yanaşı bəzi çatışmazlıqlar hələ də qalmaqdadır.
Bu yazıda Şura Katibliyini ən çox narahat edən bir məsələ üzərində dayanmaq istərdim.2018-ci il üzrə təqdim edilmiş yekun maliyyə hesabatlarının araşdırılması zamanı bir sıra xoşagəlməz hallarla müəyyən edilmişdir. Belə ki, bir mühasib 20, bəzi hallarda isə 30-dan çox təşkilata mühasib xidməti göstərir. Bununla yanaşı həmin mühasiblərin təqdim etdikləri hesabatlarda müxtəlif xidmət sahələri üzrə birbaşa əlaqəli olduqları (bəzi hallarda özlərinə məxsus olan) fiziki və hüquqi şəxslərə (MMC-lərə) aid maliyyə sənədlərini təqdim etdiklərinin şahidi oluruq. Bu da öz növbəsində xeyli sayda təşkilata aid maliyyə hesabatında eyni fiziki və hüquqi şəxslərə aid sənədlərin olması kimi xoşagəlməz hal yaratmışdır. Həmin mühasiblərin neqativ əməlləri bununla da bitmir. Bu "monopolist mühasiblərin" mühasibat xidməti göstərdiyi təşkilatların hətta təsviri hesabatlarını da hazırlaması halları müşahidə edilir. Bəzi QHT nümayəndələri heç bir mənbə göstərmədən ayrı-ayrı şəxslərin müəyyən şəbəkə yaratması, bəzi layihələrin eyni şəxslər tərəfindən idarə olunması, hətta həmin şəxslərin guya müəyyən şərtlərlə layihələrin Şura tərəfindən maliyyələşməsinə nail olması kimi fikirlər söyləyirlər. Şura bu cür hallarla daim mübarizə aparmış və belə QHT-lərin bu sahədəki cəhdlərin qarşısını qətiyyətlə alınıb. Aparılan araşdırmalarımız onu göstərir ki, bu cür neqativ fikirlərin formalaşması məhz həmin mühasiblərin "monopolist" fəaliyyətinin nəticəsidir. Bütün bunları nəzərə alaraq Şuranın 2019-cu il qrant müsabiqəsinin qaliblərinə bildirirəm ki, Şura bir mühasibin maksimum iki təşkilatın hesabatının aparılmasında iştirakını qəbul edəcək. İkidən çox layihədə mühasib kimi qeyd olunan QHT layihələrinin hesabatları qəbul edilməyəcək. Müsabiqə qalibi olan QHT rəhbərlərini bu məsələyə ciddi fikir verməyə, hesabatlıq məsələsində ciddi nizam-intizama riayət etməyə çağırıram. Əlbəttə bilirəm ki, bu fikirlərim birmənalı qarşılanmamamsı da mümkündür. Ancaq ümid edirəm ki, hesabatlıq, aşkarlıq və şəffaflıq tərəfdarı olan hər kəs, xüsusilə QHT-lər bu məsələni nəzərə alacaq və bütün neqativ halların aradan qaldırılmasına töhfə verəcəklər. 
Şura bütün çatışmazlıqların aradan qaldırılması, eləcə də layihələrin idarəetmə sistemini təkmilləşdirmək və onları tam şəkildə elektronlaşdırmaq məqsədilə 2019-cu ildə SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi) elektron xidmətlər portalını istifadəyə verir. Şuranın yeni brendi sayılan SƏLİS QHT-lər, o cümlədən vətəndaşlar üçün yeni imkanlar yaradacaq və bu sistem vasitəsilə hər kəs Şuranın elektron xidmətlərindən rahat və sürətli şəkildə istifadə edə biləcək.
Şuranın müsabiqə qalibi olan QHT-lərə uğurlar arzulayıram!