Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş rejimdə çalışır.

Bu barədə Sabahinfo.az-a  Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, Kompleksdə bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunur. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin edilir. Artıq 100-dən çox nəqliyyat vasitəsinin əlavə daşımalara cəlb olunması məqsədilə daşıyıcılarla müqavilələr imzalanıb. Vətəndaşlara biletlərin əlçatanlığını təmin etmək üçün kompleksdə fəaliyyət göstərən kassaların da sayı artırılıb.

Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.Ümumilikdə 2023-cü il ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən digər şəhər və rayonlarımıza 2 milyon 600 min  sərnişin daşınıb. Bu 2022-ci illə müqayisədə 150 mindən çox sərnişin artımı deməkdir. Bayram günlərində 30-35 min sərnişinin Bakıdan digər  regionlara daşınması planlaşdırılır.