Bakı beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib

İqlim dəyişikliyi və bu yöndə olan problemlər qlobal problemlər sırasına daxildir ki, bu istiqamətdə bir sıra beynəlxalq konvensiyalar qəbul olunub. Hər bir ölkə də konvensiyalar daxilində iqlim dəyişikliyində insan faktorunu minimuma endirməyə çalışır və müəyyən öhdəliyi var. Bir sıra nüfuzlu elm adamlarının apardığı araşdırmalara görə, yaxın gələcəkdə iqlim dəyişikliyi insan faktoruna ciddi təsir göstərəcək bu isə ümumilikdə Yer kürəsi üçün ciddi təhlükədir. İqlim dəyişikliyi ilə bağlı ən ali sənədlər arasında Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını göstərmək olar. Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. 1992-ci ildəqəbul olunan konvensiyada daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələrin keçirilməsi, siyasi idarə və elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyə imkan verir.

Beynəlxalq konvensiyaların yerinə yetirilməsində aktiv mövqe sərgiləyən Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Konvensiyaya əlavələr üzrə Kioto Protokolu, və Paris razılaşmalarının yerinə yetirilməsində ölkəmiz bir sıra addımlar atıb.

Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır. Qeyd edək ki, “Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasına Dördüncü Milli Məlumatın və iki illik hesabatının hazırlanması” layihə sənədi 2016-cı ildə imzalanıb. Sözügedən hesabatların hazırlanmasında sahələr üzrə məlumatların toplanması və ümumiləşdirilməsi məqsədi ilə hər bir müvafiq sektoru təmsil edən dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

2024-cü ildə Bakıda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası əslində təşkilata üzv ölkələrin Azərbaycana verdiyi dəyərdən və ölkəmizin bu qurumda oynadığı mühüm roldan irəli gəlir. Bu həm də ölkəmizin beynəlxalq arenada qazandığı etibar, hörmət və nüfuzundan irəli gəlir.

Ümumilikdə son illərdə Bakıda bir sıra beynəlxalq tədbirlərin keçirilməsi və təşkilatçılığın yüksək səviyyədə olması beynəlxalq qurumların diqqətindən kənarda qalmayıb. Məhz iqlim dəyişikliyi ilə bağlı Bakı müzakirələrində ciddi nəticələrin əldə olunacağına və bu istiqamətdə keçirilən müzakirələrdə ümumdünya iqlim probleminin həlli ilə bağlı lazımlı addımların atılacağının şahidi olacağıq.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı