"Bakıda taksilərin sayı tələb olunan normadan 4-5 dəfə çoxdur" - Deputat

"Bakıda olan taksilərin sayı tələb olunan normadan 4-5 dəfə çoxdur”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib.

Taksi xidmətlərini tənzimləyən qanunvericilikdə dəyişikliklər zamanın tələblərindən irəli gəlir. Bu sahədə olduqca çox neqativ hallar mövcuddur. Saymaqla bitirmək olmaz. Avtomobillərin texniki, ekoloji, estetik göstəricilərinin standartlardan uzaq olmasından tutmuş taksi sürücülərinin özlərinin də tələblərə cavab verməmələrinədək. Bakı böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərdir. İldən ilə ölkəmizə turist axını artır, onların əksəriyyəti Bakıda olurlar. Belə taksi xidməti şəhərimizə, ölkəmizə yaraşırmı?
Kim istəyir, bir maşın icarəyə götürür, qlobal aqreqatorlarla tələb olunan proseduru reallaşdırdıqdan sonra taksi fəaliyyətinə başlayır. Bu sahəyə dair vətəndaş şikayətlərinin sayı-hesabı yoxdur. Bir millət vəkili olaraq belə şikayətləri mən də alıram. Taksi fəaliyyətinin nizamlanması, sivilləşməsi vətəndaşlarımızın da istəyidir. 

Necə ki, hər bir vətəndaş ailəsində nizam-intizam yaradıb yaşamaq istəyir, həyatda da bir çox məsələlərə eyni yanaşma olmalıdır. Bu baxımdan, bugünkü taksi fəaliyyəti ilə bağlı, bu fəaliyyəti tənzimləyəcək qanun olduqca vacibdir. 

Bu günlərdə problemlə bağlı hörmətli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin geniş müsahibəsi ilə tanış oldum. Hiss olunur ki, hökumət problemin aradan qaldırılması istiqamətində qətiyyətli və israrlıdır. Millət vəkili olaraq mən də qanunvericilikdə müvafiq dəyişikliklərin reallaşdırılmasına səs verəcəyəm. Vəziyyət həqiqətən də acınacaqlıdır və bunu tək hər birimizin izlədiyi intizamsızlıq deyil, statistik göstəricilər də təsdiqləyir. Tək bir faktı deyim ki, Bakı şəhərində olan taksilərin sayı tələb olunan normadan 4-5 dəfə çoxdur. Bu, ekoloji problemdir, bu tıxaclardır. Təsəvvür edin ki, metro dünyanın hər yerində ən rahat və sürətli şəhərdaxili sərnişindaşıma nəqliyyat növüdür. Həm də hər yerdə digər sərnişindaşıma xidmət növlərinə münasibətdə ən ucuzudur. Ancaq Bakıdakı statistikaya əsasən, 2019-cu illə müqayisədə 2022-ci ildə Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 12%, avtobuslarda isə 35% azalıb. Aydındır ki, Bakıda əhalinin sayı bu qədər azalmayıb, nə də şəxsi avtomobil əldə edənlərin sayında bu qədər artım yoxdur. Səbəb məlumdur. 

Mən fürsətdən istifadə edərək bir məqama aydınlıq gətirilməsini istəyirəm. Qeyd etdiyim kimi, statistika Bakıda tələb olunandan 4-5 dəfə artıq taksi avtomobilin olduğunu göstərir və aydındır ki, qaninvericilikdə tənzimləmələr onların sayının azaldılmasını, fəaliyyət şərtlərinin isə sərtləşməsini nəzərdə tutmalıdır. Məlumdur ki, Bakıda bir neçə taksi xidməti göstərən qlobal aqreqator işləyir. Bunlar Bolt, Uber, Yango və bu yaxınlarda işə başlamış Uklon-dur. Tək avtomobillərin deyil, bu şirkətlərin də sayında azalma olacaqmı? Məsələn, qonşu Gürcüstan paytaxtında, Tbilisidə  yalnız Bolt işləyir. Bakı Tbilisidən böyükdür, bizdə də olsun iki operator. Türkiyədə bu yaxınlarda Uber-in fəaliyyəti dayandırıldı və bununla izah olundu ki, məqsəd qeyri-ədalətli rəqabətin qarşısını almaqdır. Yəni bu istiqamətdə bir məhdudiyyət olacaqmı? Sahibkarlıq fəaliyyəti təbii ki, azaddır. Ancaq hesab edirəm ki, sadaladığımız problemlərin əksəriyyətinin mənbəyi məhz buradadır".