Balakənlilər şəhidlərin əziz xatirəsini ehtiramla anıblar

Balakən rayonunda 27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi anılıb. Anım Günü ilə əlaqədar rayonda şəhidlərin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyətinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə birlikdə Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş mərd Vətən oğullarının məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Anım tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, şəhid anası Gülşən Kərimova, Vətən müharibəsi qazisi, baş leytenant Hacı Muradov çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə qazanıb. 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Ordumuz, cəsur əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, qəhrəmanlıq salnaməsi yazıblar.

Anım tədbirində ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Bütün ölkə ərazisində olduğu kimi, Balakən rayonunda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.