Azərbaycanda meyitlərdə “donuz qripi” qeydə alınmayıb

Ötən il ərzində 19 telefonoqram vasitəsilə Respublika Sanitariya-Karantin Müfəttişliyinə (RSKM) 24 nəfər hərarətli şəxs barədə məlumat verilib.

 

sabahinfo.az xəbər verir ki, bu haqda RSKM-nin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, ərazi tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində həmin şəxslərdə "donuz qripi” xəstəliyi qeydə alınmayıb. 

"Ötən il iyunun 28-də AİDS-lə yoluxmuş bir nəfər barədə müfəttişliyə məlumat daxil olub. Müvafiq tədbirlərin görülməsi üçün vaxtında AİDS-lə mübarizə mərkəzinə məlumat verilib”.

Y.Balışov bildirib ki, ötən il respublikaya gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub: 

"Cənazələr arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat etmiş şəxs olmayıb. Yoluxucu xəstəlikdən vəfat etmiş şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır”.

Şöbə müdiri əlavə edib :

 

"Gömrük-sərhəd məntəqələrində yoluxucu xəstəliyə şübhəli hal aşkar edilərsə, müayinənin aparılıb diaqnozun təsdiqlənməsi üçün ərazi tibbi müəssisədən mütəxəssis çağırılır. Eyni zamanda, "donuz qripi” xəstəliyinə görə epidemioloji vəziyyət gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilmiş şübhəli və temperaturu olan şəxslər barədə məlumatlar həmin şəxslərin tibbi müşahidəyə alınmaları məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki gömrük xidməti əməkdaşları tərəfindən Respublika Gigiyena və Epidemiologiya mərkəzinə ötürülür”.