Bakı metrosunda tüstülənmə ilə bağlı məsələyə aydınlıq gətirildi - YENİLƏNİB

Bakı Metropoliteninin "Ulduz" stansiyasında tüstülənmə ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Sabahinfo.Az bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, sərnişin maşinistə "Ulduz" stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib: "Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb".

N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur: "7 saylı qatar hərəkətini davam etdirir".

---------

21:48

Bir neçə saat əvvəl "Ulduz" metrostansiyasında həyəcanlı anlar yaşanıb.

Sabahinfo.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc jurnalist Şahin Sərdarlı məlumat yayıb. O bildirib ki, saat 20:07 radələrində 007 nömrəli qatarın 2-ci vaqonunda tüstülənmə hadisəsi baş verdi. Vaqondakı kondisonerdən başlayan səslərdən sonra vaqona bir neçə saniyə tüstü dolmağa başladı.

Sərnişinlər təxliyyə edilib.