Dəhşətli cinayətin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan Kürdəmir rayon sakini A. A-nın (1989-cu il təv.) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sabahinfo.az oxu.az-a istinadən bildirir ki ötən il noyabrın 20-də Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Biləcəri qəsəbəsində yerləşən "Vulkan" motelindəki nömrələrdən birində asılmış vəziyyətdə Sumqayıt şəhərində yaşayan Afaq Şükürovanın (1979-cu il təv.) meyitini aşkar ediblər.

Əvvəlcə onun intihar etdiyi söylənilsə də, sonradan ətraflı ekspertizanın rəyi ilə müəyyən edilib ki, Afaq Şükürovanın boyun nahiyəsində aşkar olunan stranqulyasiya şırımı kənar şəxsin vasitəsi ilə əmələ gəlib.
İş istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna verilib.

Müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl ərini və iki uşağını atan Şükürova əmisi oğlu A.-ya qoşularaq Bakıya qaçıb, onlar Binəqədi şossesində yerləşən moteldə otaq tutublar.

Hadisə ilə bağlı şahid qismində dindirilmiş əmioğlu isə polisə bildirib ki, Afaqın asılmış meyitini hamam otağında aşkar edib və dərhal sonra polisə zəng vurub.

Lakin qadının A.A. tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan bir neçə gündən sonra o saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Aparılan araşdırma zamanı məlum olub ki, A.Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. "Vulkan" motelində hadisə baş verən zamanı da A.Şükürova orada əmisi oğlu ilə birlikdə olub.
Hazırlıq iclasında məhkəmə prosesinin qapalı şəraitdə keçirilməsi haqda qərar qəbul olunub.