Deputat vergi sistemində aparılan islahatları DƏSTƏKLƏDİ

Vergi sistemində aparılan islahatlar Azərbaycanda vergi mədəniyyətinin formalaşmasına gətirib çıxarır. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.


V.Bayramov qeyd edib ki, 2019-cu ildə aparılan islahatların ana xəttini gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi təşkil edib:


"Etiraf etmək lazımdır ki, 2018-ci ildən vergi sistemində şəffaflığın artırılması və bu sistemdə islahatların həyata keçirilməsini müşahidə edirik. Ötən il bu baxımdan yaddaqalan illərdən oldu. Gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi, büdcəyə 1 milyard manatdan artıq əlavə vəsaitin daxil olmasına imka verdi. Büdcə gəlirləri 23,1 milyard manat proqnozlaşdırılsa da, büdcəyə 24,2 milyard manat vəsait cəlb etmək mümkün oldu. Nəticədə gizli iqtisadiyyata qarşı mübarizə və vergi sisteminin şəffaflaşması büdcə üçün əlavə gəlir mənbələri yaratdı. Bu da təbii ki, real sektordan büdcəyə daxilolmalara təsir göstərdi. Eyni zamanda, sahibkarların bərabər olaraq vergiyə cəlb olunması prosesi müşahidə olunmağa başladı”.

 

Deputatın sözlərinə görə, əvvəllər bir çox hallarda kimlərsə tərəfindən himayə olunan sahibkarlıq subyektləri vergidən yayınırdı:


"Bu da təbii olaraq vergi yığımlarında ədalətin formalaşmasına imkan vermirdi. Artıq 2018-ci ildən etibarən mərhələləli şəkildə bütün sahibkarlıq subyektlərinin bərabər olaraq vergi məcəlləsinin müəyyənləşdirdiyi öhdəliklərə uyğun olaraq vergiyə cəlb edilməsini müşahidə etdik. Bu da vergi mədəniyyətinin formalaşması baxımından çox vacib idi. Vergi sisteminin şəffaflaşması, həm də Azərbaycanda vergi mədəniyyətinin formalaşmasına gətirib çıxarır. Artıq əvvəlki dövrlərdən fərqli olaraq, vergi orqanları sahibkarlıq subyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxilə etmir. Sahibkarlıq subyektlərinin əksəriyyəti isə qanunla müəyyənləşdirilmiş vergini ödəməkdə maraqlıdırlar. Bu isə qeyri- rəsmi məşğulluğun rəsmiləşdirilməsində özünü göstərir. Belə ki, ötən il 153 min yeni əmək müqaviləsi bağlandığı halda, bu ilin 4 ayında 100 min yeni əmək müqaviləsi bağlanıb. Artıq sahibkarların özü rəsmi, qanunauyğun şəkildə fəaliyyət göstərməklə, vergi ödəməkdə maraqlıdırlar. Bu da təbii ki, vergi mədəniyyətinin inkişaf etməsinə, vergi sistemində davam etdrilən islahatların sürətləndirilməsinə zəmin yaradır. Nəticədə uzun müddətdir  müzakirə etdiyimiz vergi mədəniyyətinin formalaşmasına və daha da inkişaf etdirilməsinə gətirib çıxaracaq. Etiraf etmək lazımdı ki, son illərin ən ciddi, eyni zamanda iqtisadiyyata daha çox təsir edən mübarizəsi gizli iqtisadiyyata qarşı mübarizə və və vergi sisteminə şəffaflığın daha da artırılması oldu. Bu ondan xəbər verir ki, biz praktik olaraq postpandemiya dövründə vergi mədəniyyətinin daha da inkişaf etməsi və sahibkarların artıq vergi öhdəliklərini könüllü yerinə yetirmələrində maraqlı olduqlarını müşahidə edəcəyik”.