Belarus və Rusiya hərbi təlimlərə başlayır

Bu gün Belarus və Rusiyanın hərbi hava qüvvələri genişmiqyaslı birgə təlimlərə başlayır.

Bakıvaxtı.az “Reuters“ ə istinadən xəbər verir ki, Minsk təlimlərin müdafiə xarakterli olduğunu və mümkün döyüş missiyalarına hazırlıq məqsədi daşıdığını vurğulayıb.

"Təlim tamamilə müdafiə xarakterlidir. Bu, bizim və Rusiya aviasiyasını müvafiq döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlamaq üçün tədbirlər kompleksi olacaq”, - deyə Belarus Təhlükəsizlik Şurası katibinin müavini Pavel Muraveyko bildirib. O, qeyd edib ki, fevralın 1-dək davam edəcək təlimlər hava müşahidə, hava hücumlarının qarşısının alınması, vacib obyektlərin və kommunikasiyaların hava müdafiəsi kimi məşqləri əhatə edəcəyi bildirilib. Vurğulanıb ki, taktiki uçuş təlimləri zamanı Belarusun Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin bütün aerodromları və təlim meydançalarından istifadə ediləcək.

Muraveyko Belarusun cənub sərhədində vəziyyətin sakit olmadığını və Ukraynanın Belarusu təhrik etdiyini də qeyd edib.

“Biz barıtımızı quru saxlayaraq təmkin və səbr göstəririk. Bizim öz ərazimizdə istənilən təcavüz təzahürlərinə və ya terror təhlükəsinə cavab verəcək lazımi qüvvə və vasitələrimiz var”, - deyə o, bildirib.

Hərbi təlim həm Kiyevdə, həm də Qərbdə Rusiyanın öz müttəfiqi Belarusdan Ukraynaya yeni quru hücumu üçün istifadə edə biləcəyinə dair narahatlıqlar yaradıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən həftə bildirib ki, ölkə Belraus sərhədində hazırlıqlı olmalıdır.

Kremlin isə Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ukraynadakı münaqişədə daha aktiv rol oynaması üçün təzyiq göstərməsi ilə bağlı iddiaları təkzib edib. Minsk müharibəyə daxil olmayacağını bəyan edib.