Elçin İsgəndərzadənin 2013-cü ildə nəşr olunan
"Qürbət hücrəsində” kitabında səkkiz poeması yer almışdır. Bu poemalar bədii
tutumu ilə yanaşı, tipoloji bölgüsünə görə də özünəməxsusdur. Müəllif
poemalarının tiplərini özü müəyyənləşdirib. O, "Turan savaşçısının nəğmələri”,
"Şahmar şikəstəsi” və "Oğlum Əliyə dualar” əsərlərini sadəcə poema tipinə aid
edib."Biganəlik iqlimi”ni fraqmentlərlə poema, "Mavi Mərmərə”ni poema-rekviyem,
"Adil Mirseyidin palitrası”nı poema-yeddi etüd tipində qələmə almışdır.
"Eşq” əsərisimfonik muğam-poema, "Bu
qala bizim qala” poeması isə simfonik poema kimi təqdim olunur.
2011-ci ilin iyulunda yazılan "Turan savaşçısının nəğmələri”
poemasına "Böyük Ustad Çingiz Ağa Torekul oğlunun əziz xatirəsinə” epiqrafı əlavə
edilmişdir. Eləcə də, 2011-ci ilin fevral-mart aylarında qələmə alınan "Şahmar
şikəstəsi”nə "Ustad şairimiz Şahmar Əkbərzadənin 70 illiyinə” epiqrafı
yazılmışdır. Bu epiqraflara əsaslanaraq həmin əsərləri poema-ithaf kimi dəyərləndirmək
doğru olmur.
Eləcə də "Bu qala bizim qala” əsərini poema-müraciət
tipinə aid etmək düzgün sayılmır. Poemanın epiqrafında "Böyük Vətəndaş və Böyük
Alim, Ustadımız, akademik Xudu Məmmədovun işıqlı xatirəsinə” sözləri yazılıb. Əsasən,
sərbəst şeir ölçüsündə yazılan "Bu qala bizim qala” poemasının birinci bölümü
"Gecələr səslər gəlir Azıx mağarasından - əcdadlarımın səsi” misralarıyla
başlayır və belə də tamamlanır. Diqqət etsək, görərik ki, poemanın əsas ideyası
da buradadır. Çünki gecələr Azıx mağarasından gələn həmin səslər bəzən Tanrı
dağlarımızdan, bəzən də yovşan qoxulu türk çöllərindən gəlir. Elə bu səslər
şairi əsas nüansa tərəf çağırır və müəllifin demək istədiyi ilkin fikir də
budur: "Azıx mağarası -Vətən torpağı, torpağın altında əcdadlarımız”. Daha
güclü çağırış məhz düşmən tapdağında olan Azıx mağarasının azad edilməsilə
bağlıdır. Poemanın yalnız üçüncü bölümündə Xudu Məmmədovun adı çəkilir və şair əsl
niyyətini belə ifadə edir: "...səni Mərzilidə bir ağac kölgəsində ulduzlara
baxarkən görmək istədim bu bahar”. Məlumdur ki, Ağdamın Mərzili kəndi də erməni
işğalı altındadır. Şairin o istəyinin həyata keçməsi əslində Qarabağın işğaldan
azad olunması deməkdir. Təbii ki, şair burada öz məqsədinə Mərzili kəndini
obrazlaşdıraraq nail olub.
Poemanın ağırlıq yükü "Yer üzü Türkün torpağı, Göy
üzü Türkün bayrağı” misralarının üzərinə düşür. Yenə də əsas mətləb
torpaqlarımızın işğaldan azad olunmasına yönəlib. Tanrı yer üzünü türkə torpaq
olaraq yaradıbsa, onda həmin torpaqların ermənilər tərəfindən işğalı ilk növbədə
tanrının iradəsinə qarşı çıxmaqdır. Elə bu səbəblərdən də poemanın qəhrəmanı
haqqında belə fikirlə qarşılaşırıq: "indi sənin qərib ruhun Göy qübbəsi altında
Qarabağda dolaşır”. Elə poemanın sinfonik poema kimi təqdimatı da buradan irəli
gəlir. Poemanın sonlarına yaxın şair haşiyə də çıxır. Bu, haçansa qədim isnanın
bir daş - kristial tapması ilə bağlıdır. Başqa bir qədim insanın bu daşı
tapanın əlindən almasıyla iki qardaşın savaşı baş verərək, insan qanı tökülür.
Daş alətlə zərbə vurulan kristialın bərq vurması insanı ovsunlayır. Bu hadisələrdən
çox illər keçdikdən sonra "Və bir gün qədim insanın tapdığı ilk kristial Xudu Məmmədovun
əlinə düşdü- O da məftun oldu bərq vuran bu kristiala”. Rəssamların alimi, eləcə
də alimlər rəssamı kimi təyin edilən Xudu Məmmədov kristialın sirrini mozaik
qravürlərlə, naxışlarla çözürdü. Bunun səbəbi belə göstərilir ki, "Kainatın rəmzi
idi onunçün kristial- mozaik naxışların nə əvvəli, nə sonu var”. Əsərin bütün fəlsəfi
çalarları məhz bu hissədə üzə çıxır. Bəlli olur ki, bir-birini əvəzləyən
naxışlar zamanın alın yazısıymış, həm də min illərdir ki, zamanın əllərində
insan qanı var. Əsas fikir odur ki, "Xudu Məmmədov zamanın əlindən insan qanını
silirdi”. Poema yenə də gecələr gah Azıx mağarasından, gah Tanrı dağlarımızdan,
gah da yovşan qoxulu çöllərimizdən gələn səslərin sədaları ilə tamamlanır.
2011-ci ilin martında yazılan bu əsərin sonunda məlum olur ki, Xudu Məmmədov həmin
gecə şairin yuxusunda sonsuzluğa qovuşsa da, silinməyən iz qoymuşdur. Göründüyü
kimi, əsərin süjetini müəyyən etmək, ümumiyyətlə, süjeti izləmək mümkün olmur.
Sadəcə, əsərdə qarşıya qoyulmuş məqsəd var və bu məqsədin oxucuya
çatdırılasının bədii həlli uğurlu alınıb. Müəllif müharibə, ümumiyyətlə, qan
tökülməsi əleyhinə fikirlərini Xudu Məmmədovun, yəni yurdu işğalda olan bir
insanın simasında obrazlaşdıra bilmişdir.
2011-ci ilin avqustunda yazılan "Adil Mirseyidin
palitrası” poema-yeddi etüdü səbrəst şeir ölçüsündə qələmə alınmış yeddi kiçik
parçadan ibarətdir. Birinci və ikinci etüdlərdə Adil Mirseyidin çəkdiyi rəsmlərə
baxan şairin təəsüratları yer almışdır. Üçüncü etüd isə konkret olaraq "Akvarel
qadın” rəsminin sözlə ifadəsidir. Dördüncü etüddə şair Adil Mirseyidlə İçərişəhərdə
keçirdiyi bir günün xatirələrindən yazır. Beşinci və altıncı etüdlərdə əsəri üzərində
işləyərkən rəssamın keçirdiyi anlardan bəhs edilir. Yeddinci etüddə məlum olur
ki, hərtərəfli istedada malik olan Adil Mirseyidin "şeirləri rəsm kimidi, rəsmləri
şeir kimi”. Şair həmin yeddi etüdlə rəssamın mükəmməl şəxsiyyətini
obrazlaşdırmağa nail olmuşdur. Poemadan məlum olur ki, Adil Mirseyid fələyi təlxək
cildində qapısına qədər gətirsə də, onunla barışmır. Bir sözlə, rəssama həsr
edilmiş bu poemada Adil Mirseyid surrealizminin təsiri də hiss olunur.
Nümunə gətirdiyimiz poemalardan da göründüyü kimi,
Elçin İsgəndərzadənin poema janrına müraciəti tamamilə orijinaldır. Belə ki, o,
istər mövzuların seçimində, istərsə də mövzuya uyğun tipin müəyyənləşdirilməsində
təkrarsız üslubdan istifadə edir. Poemalarında lazım olduğu qədər sözlərdən
yararlanır, boşuna söz yığını ilə poemanı əbəs yerə yükləmir. Bu baxımdan onun
poemalarının çağdaş Azərbaycan ədəbiyyatında öz yeri vardır.
Gülnar Səma