Bəlkə sonun başlanğıcıdır?..

Rusiya Ukraynayla müharibə aparır. Kim müqəssirdi? Kim ədalətsiz müharibə aparır, kim ədalətli müharibə? Dünya dövlətləri bu müharibəyə münasibət bildirir. Bu münasibətlərdə siyasi çalarlar da var, bəşəri niyyətlər də. Bəşəri niyyətlilər müharibənin dayandırılmasının tərəfdarıdır, niyyətində dünyəvilikdən uzaq hansı niyyətinəsə tərəfdar tapacağına ümidi olanlar bu müharibəni özünün işğala söykənən xarici siyasətinə pərsəng bilir.

Ermənistan heç zaman bəşəri dövlət olmayıb, işçğalçı dövlət kimi tanınıb. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi, İkinci Qarabağ müharibəsində məğlub oldu, Azərbaycan tarixi Zəfər qazandı.

Üçtərəfli Bəyanat imzalansa da bu məğlubiyyətlə barışmaq istəməyən işğalçı Ermənistan revanşist siyasətini davam etdirməkdədir. Rusiyanın mövqeyini müdafiə etməklə onun özünə əvvəllər olduğu kumi sonrakı siyasətində də havadar olmasını istəyir. Həm də müharibə aparan Rusiyadan umacağı sülhməramlıların fəaliyyəti ilə məhdudlaşmır axı...

“Ukrainskaya Pravda” qəzetinin 4 iyul tarixli sayında “Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir” adlı məqalə dərc olunub. Məqalə gerçəkliyi ifadə edir. Bu gerçəklik fakta əsaslanır. Məqalədə qeyd olunur ki, Moskvada Erməni Apostol Kilsəsində yeni yaradılmış “ARBAT” adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbiri keçirilib. Erməni batalyonu döyüşlərdə Ermənistan bayrağı altında vuruşacaq. Bir atalar sözü yada düşür: “Özünə umac ova bilmir, özgəsinə əriştə kəsmək istəyir”. Emənistan rəmzi mənada nə özünə “umac ovmaq” qabiliyyətindədi, nə də özgəsinə “əriştə kəsmək”.

Faktın həmişə fotolarla təsdiqlənməsi dünya ictimaiyyətinin diqqətini daha həssaslıqla çəkib. Azər Həsənovun çəkdiyi, yaxud hansı yollasa əldə etdiyi bu fotolar sənəddir. İfşaediici sənəddir. Erməniliyin nə olduğunu təsdiqləyən sənəddir.

Fotolarda nə əks olunur? - erməni kilsə xadimləri Ukraynanın Donbas regionunda döyüşlərə qatılacaq erməni döyüşçülərə xeyir-dua verir, keşiş yeni yaradılmış “ARBAT” batalyonunun komandiri Abrek ləqəbli Hayk Qasparyana xaç çəkərək onu salamlayır.

Hayk Qasparyan Vaqner qrupunda hərbi təlim aldığını bildirib.

Armen Sərkisyan da xeyir-dua alanların arasındadır. Armen Horlivski ləqəbi ilə tanınan Armen Sərkisyan Ukraynada axtarışdadır. O, 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı “ölüm briqadaları” yaradaraq dinc nümayişçilərə divan tutan qrupa rəhbərlik edib. Sərkisyanın divan tutduğu nümayişçilər arasında 2014-cü il fevralın 18-dən 19-na keçən gecə qətlə yetirilmiş Ukraynalı jurnalist Vyaçeslav Veremi qətlə yetirən Yuri Krısin adlı qatil Ukrayna məhkəməsində etiraf etmişdi ki, Maydanda dinc nümayişçilərə terror aktı törətmək üçün Sərkisyandan 20.000 ABŞ dolları alıb.

Ukrayna ərazisində işğalçı müharibəni dəstəkləyən erməni kilsəsi terrorçuların təşkilatlanmasının iştirakçısıdır. Bunun nəticəsidir ki, ermənilər Ukrayna əhalisinə qarşı soyqırımında döyüşçü qismində iştirak edir.

Dünya ictimaiyyəti bu məqalə vasitəsilə Ermənistanın da, erməni kilsəsinin də, ermənilərin də niyyətini aydınlığı ilə dərk edir.

Bütün canlılar ölüm ayağında bir qədər fəallaşır. Bəlkə sonun başlanğıcıdır?..

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı