Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəklədi

Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirmiş, Azərbaycan xalqı erməni millətçiləri trəfindən soyqırım və etnik təmizləmələrə məruz qalmışdır.

Azərbaycan 2020-ci ildə, İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını, habelə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir, eyni zamanda regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirir.

Postmüharibə çağırışlarını nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasətində ölkəmizin sülh və ədalət prinsiplərinin dönməz olduğu bir daha xarakterizə olunur. Bu prosesə şəxsən Prezident İlham Əliyevin rəhbərliyi ölkə başçısının müəyyən etdiyi və icazə verdiyi bütün formatlarda keçirilən görüşlərin məsuliyyətini daha da artırdı.

Son üç ildə xarici diplomatiyamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış işlər, Cənab Prezidentin Brüssel və Moskva formatında görüşləri, Azərbaycan-Ermənistan XİN rəhbərləri arasında Vaşinqton formatında keçirilən görüşlər nəticə etibarı ilə bizim haqlı tərəf olduğumuzu, ərazi bütövlüyü və suverenliyimizin dünya dövlətləri tərəfindən dəstəkləndiyini ortaya qoydu.

Cəbhədə əldə edilmiş uğurlardan sonra Azərbaycanın ardıcıl diplomatik qələbələri Ermənistanın artıq əsl üzünü dünya ictimaiyyətinə nümayiş etdirməyə vadar edir.

Ermənistanın özünü aldatmaq, sülh prosesinə zərbə vurmaq və vaxt qazanmaq üçün əl atdığı hiylələrdən biri də keçdiyimiz günlərdə ifşa olundu. Belə ki, 16 avqust tarixində ABŞ-nın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə Azərbaycanın öz suveren ərazisində, Qarabağda guya hər-hansı “humanitar böhran” vəziyyətinin mövcud olduğu ilə bağlı çağırılan təcili iclası bir daha göstərdi ki, Azərbaycan məhz BMT TŞ-nın 4 qətnaməsini rəhbər tutaraq və təkbaşına icra edərək regionda tamamilə yeni reallıqlar yaradıb. Həmin iclasda bu reallıq əsaslı olaraq tərəfimizdən göstərilmiş, bütün siyasi dairələrə bildirilmişdir ki, proseslər yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə yekunlaşa bilər.

Sevindirici haldır ki, illərdir Azərbaycana qarşı yönəlmiş ikili standartlara, riyakarlıqlara baxmayaraq, dünya birliyi hələ də ədalət prinsipinin nə olduğunu unutmayıb.

Təşkil olunmuş “tamaşanın” nəticəsində Azərbaycanın haqlı olduğu bir daha sübut olundu. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəklədi, Qarabağda məskunlaşmış ermənilərə çağırış etdi ki, onlar nəinki Azərbaycanın qanunları çərçivəsində həyatlarını davam etdirməyə hazır olmalı, eyni zamanda bu istiqamətdə artıq konkret addımlar atmalıdırlar.

Əminliklə deyə bilərik ki, sülhün əldə olunması üçün Ermənistanın artıq bir bəhanəsi qalmayıb, hal-hazırda Xankəndi və ətraf rayonlarda məskunlaşan ermənilər onlara təqdim olunan bu tarixi şansı əldən qaçırmamalı, sülh müqaviləsinin imzalanması üçün tezliklə hərəkətə keçməlidirlər.

 

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı