Böyük Britaniyanın Baş naziri Boris Consonun, Fransa Prezidenti Emmanuel Makronun dövlətimizin başçısına təbrik məktubları, həmçinin İtaliyanın Baş naziri Mario Draqinin zəngi, ilk növbədə, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki əhəmiyyəti və mövqeyi ilə bağlıdır. Dünya siyasətinin aparıcı fiqurlarının mütəmadi şəkildə Prezident İlham Əliyevlə əlaqə saxlamaları, müxtəlif sahələri əhatə edən geosiyasi problemlərlə bağlı məsləhətləşmələrin aparılması, ölkəmizin və onun Başçısının nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
Deputat bildirib ki, beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir. Ukrayna böhranı ilə əlaqədar siyasi, iqtisadi, maliyyə sanksiyaları tətbiq olunmaqdadır. Sanksiyalardan bütün tərəflər ziyan çəkəcək, müharibə ölkə iqtisadiyyatlarına təsirsiz ötüşməyəcək. Belə olan halda, Azərbaycanın təbii resursları, logistik imkanları Avropanın enerji təhlükəsizliyi, ümumiyyətlə, iqtisadiyyatının inkişafı üçün olduqca vacibdir, eyni zamanda, münaqişə tərəflərinin hər biri üçün əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müstəqil siyasət nəticəsində ölkəmiz beynəlxalq birliyin etimadını, etibarlı tərəfdaş imici qazanıb.
“Yeni dünya nizamı formalaşmaqdadır. Bir çox qlobal və regional problemlərin həllində Azərbaycan aparıcı rola malikdir. Ölkəmiz əksər məsələlər üzrə proseslərin önündə gedir, təşəbbüskar dövlət kimi çıxış edir. Təsadüfi deyil ki, son illər Azərbaycan Prezidentinin irəli sürdüyü bir çox təşəbbüslər BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Bunlar asan məsələlər deyil. Belə bir səviyyəyə çatmaq üçün inkişaf etmiş iqtisadiyyata, güclü orduya, müstəqil siyasət aparmaq imkanlarına malik olmaq, beynəlxalq müstəvidə tanınmaq və söz sahibi olmaq lazımdır”,-deyə Nəsib Məhəməliyev vurğulayıb.
Deputat vurğulayıb ki, dünyada və xüsusilə regionda cərəyan edən proseslərin təhlili göstərir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən yeni qlobal çağırışlara uyğun olaraq davam etdirilməsi Azərbaycanı bütün kataklizmlərdən, faciələrdən qorudu, hərtərəfli inkişaf etdirdi. Azərbaycanı güclü dövlətə, dünya miqyasında söz sahibi olan ölkəyə çevirdi. Zaman gəldi və Qarabağ torpaqları da işğaldan azad olundu. Həmçinin müasir geosiyasi şərtlər daxilində son dərəcə çətin problemlər həllini tapdı. Nəinki Azərbaycan dövlətinin, eyni zamanda, dünyanın müxtəlif bölgələrində yaşayan hər bir azərbaycanlının nüfuzu artdı. Azərbaycan xalqı, onun Lideri tarix yazdı. Belə ki, vətəndaşlarımız qalib xalq statusunu qazandı. Paralel olaraq, Azərbaycan oxşar vəziyyətlə qarşılaşan digər xalqlara nümunə oldu. Bundan əlavə, qeyd edə bilərik ki, bu gün hər bir dövlət, hər bir xalq Azərbaycanın qazandıqlarını özlərinə arzu edir.