Beynəlxalq siyasətdə qazanılan uğur

Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətinin, apardığı uğurlu xarici siyasətin və diplomatik səriştəsinin bu gün dünyada bənzəri yoxdur. Müxtəlif liderlər etiraf edirlər ki, belə bir həssas regionda Azərbaycan ideal, unikal xarici siyasət kursu həyata keçirə bilir və öz ölkəsinin milli gündəliyini irəlilədir.

Ölkə Başçımızı bu gün nüfuzlu beynəlxalq mükafatlara gətirən yol elə də asan olmayan, müharibədən keçən, Zəfərlə taclanan, həssas olan sülhdə möhkəm siyasi iradənin və qətiyyətin nəticəsidir.

Son 80 ildə tam və mütləq qələbə qazanan yeganə lider - Prezident İlham Əliyevin dünyanın ən prestijli humanitar və sülh-yönümlü təltiflərindən biri olan “Zayed İnsan Qardaşlığı Mükafatına” layiq görülməsi Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasındakı rolunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərməklə yanaşı, bu günki münaqişələr üçün böyük örnək və yol xəritəsidir. Ölkə Başçımızın mükafatın təqdimetmə mərasimindəki təsirli çıxışı dünyaya mesaj idi: “Uzun sürən münaqişələr, müharibələr, ziddiyyətlər olsa belə, Sülh mümkündür”.

Prezident İlham Əliyev iki il bundan öncə Milli Məclisdə andiçmə mərasimi zamanı əminliklə bildirmişdi ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyəkdir. Arxada qalan iki il ərzində Dövlət Başçımız Cənubi Qafqazda davamlı sülh və sabitlik yaratmaq naminə Azərbaycanın prinsipial sülh siyasəti ilə tarix yazdı.

Ölkəmiz beynəlxalq hüquqa zidd olan işğala öz daxili potensialı hesabına son qoydu, dünya hərb tarixində görülməmiş texnika ilə və diplomatik çeviklik sayəsində regionda status-kvonu dəyişdi. Tarixi Zəfərdən həmən sonra cənab Prezident özünün müəllifi olduğu sülh müqaviləsi və gündəliyi ilə çıxış etdi. Sülh müqaviləsi Azərbaycan xalqının üç onillikdir ki gözlədiyi ədalətli, milli maraqlarımıza uyğun və Cənubi Qafqazda sağlam gələcəyə, dayanıqlı sülh və sabitliyin əldə olunmasına hesablanıb. Baxmayaraq ki, qarşı tərəf 5 il ərzində sülh gündəliyindən yayınmaq üçün bir çox manipulyativ addımlar atırdı, nəhayət, Ermənistan Azərbaycan tərəfinin şərtlərini qəbul etməyə məcbur oldu.

Bu sülh həm də, ölkəmizə təzyiqlər göstərməyə çalışan, sanksiyalara çağıran Avropalı deputatların, erməni lobbiçisi konqresmenlərin, Qərbin ölkəmizə qarşı qərəzli mövqedə olan dairələrinin məğlubiyyəti idi. COP29-a ev sahibliyimiz zamanı ölkəmizi Ermənistanla yarımçıq sülhə təşviq etməyə çalışan qərb dairələrinə ən gözəl cavabı elə cənab Prezident özü vermişdi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”

Tarixi Vaşinqton razılaşmaları Cənubi Qafqaza yeni reallıq – sülh reallığını gətirdi. Bu gün iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin qurulması - etimad quruculuğu və normallaşma istiqamətində əməli addımlarla davam edir.

Prezident İlham Əliyevin beynəlxalq arenada şəxsi nüfuzu və liderlik keyfiyyətləri Azərbaycanın prinsipial, müstəqil, eyni zamanda praqmatik siyasət yürütməsi dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası adlı beynəlxalq təşkilata Azərbaycan Respublikasının Təsisçi Üzv Dövlət kimi qəbul edilməsi bunun əyani sübutudur.

Azərbaycan öz ərazisində münaqişəni bitirib, indi regional və beynəlxalq arenada sülh dialoqunun təbliğatçısı qismində çıxış edir. Xatırladım ki, məhdud sayda dövlət və hokumət başçısının iştirak etdiyi Yaxın Şərq Sülh sammitinə Dövlət Başçımız da dəvət edilib. Cənubi Qafqaz regionuna sülhün gətirilməsi şübhəsiz ki, Azərbaycanın nüfuzunu artırmaqla yanaşı, ölkəmizə olan ehtiyacı artırır. Bu gün Azərbaycan bölgə üzrə Orta Dəhlizin, Şəqr-Qərb marşrutlarının yeganə ən təhlükəsiz və etibarlı tranzitidir.

Müzəffər Ali Baş Komandanın xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olmasının, ölkəmizdə mövcud güclü xalq-iqtidar birliyinin, eləcə də, Dövlət Başçısına böyük inamın məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın apardığı siyasət kursu beynəlxalq ictimaiyyət tərəfindən də ən yüksək mükafatlara layiq görülür.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva