31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu təcəssüm etdirən ən əlamətdar tarixlərdəndir. Bu gün təkcə təqvimdə bir bayram deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni amal, eyni məqsəd və eyni Vətən sevgisi ətrafında birləşdirən möhtəşəm mənəvi körpüdür.
Dünya azərbaycanlılarının həmrəyliyi ideyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində bu mühüm tarix ümummilli bayram səviyyəsinə yüksəlmiş, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, milli kimliyimizin qorunması və Azərbaycan dövlətçiliyinə bağlılığın möhkəmlənməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, diaspor fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın vahid məqsədlər naminə səfərbər olunması dövlətimizin prioritet istiqamətlərindən biri kimi həyata keçirilir.
Müstəqil Azərbaycan bu gün güclü dövlət, etibarlı tərəfdaş və regionda söz sahibi olan ölkə kimi tanınır. Son illərdə əldə edilən siyasi, iqtisadi və sosial nailiyyətlər, xüsusilə də ərazi bütövlüyümüzün bərpa olunması xalqımızın birliyinin və dövlətimizin qüdrətinin bariz nümunəsidir. Bu tarixi Zəfər bütün dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilmiş, onların Vətənlə mənəvi bağlarını daha da möhkəmləndirmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizə bir daha xatırladır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz milli kimliyini, dilini, mədəniyyətini qorumağa, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmağa borcludur. Bu həmrəylik təkcə emosional bağlılıq deyil, həm də milli maraqlarımızın müdafiəsi naminə ortaq məsuliyyətdir. Bu gün diaspor təşkilatlarımızın fəaliyyəti ölkəmizin beynəlxalq nüfuzunun artmasına, haqq səsimizin dünyaya çatdırılmasına mühüm töhfələr verir.
Yeni ilin gəlişi isə hər birimiz üçün yeni ümidlərin, yeni məqsədlərin və yeni uğurların başlanğıcıdır. Geridə qoyduğumuz il Azərbaycan üçün mühüm hadisələrlə yadda qalmışdır. Qarşıda duran dövrdə də dövlətimizin daha da inkişaf edəcəyinə, sosial rifahın yüksələcəyinə, gənclərimizin bilik və bacarıqları ilə ölkəmizin tərəqqisinə töhfə verəcəyinə əminliyimiz tamdır. Yeni il bizdən daha böyük birlik, daha möhkəm iradə və gələcəyə inam tələb edir.
Bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarını, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı, həmçinin respublikamızın hər bir vətəndaşını səmimi-qəlbdən təbrik edirəm. Hamınıza möhkəm cansağlığı, ailə səadəti, firavan həyat və yeni ildə bol uğurlar arzulayıram. Qoy 2026-cı il Azərbaycan üçün yeni nailiyyətlər, əmin-amanlıq və davamlı inkişaf ili olsun.
Birliyimiz daim olsun, həmrəyliyimiz əbədi yaşasın!
Yeni iliniz mübarək!
Əminə Ağazadə
Milli Məclisin deputatı