Moskvada silahlı insident: 3 polis əməkdaşı yaralandı - YENİLƏNİB

Moskvanın qərbində oğurluqda şübhəli bilinən şəxs 3 polis əməkdaşını yaralayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş Polis İdarəsindən bildiriblər.

 

"Əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən şəxs  təslim olmaq tələbinə tabe olmayaraq silahlı müqavimət göstərib. Nəticədə 3 polis əməkdaşı yaralanıb, onlara müvafiq tibbi yardım göstərilib. Cinayətkar mənzillərin birində gizlənib. Onun yaxalanması istiqamətində zəruri tədbirlər görülür”, məlumatda deyilir.

 

Qeyd edək ki, bundan əvvəl silahlı insident nəticəsində iki mülki şəxs və iki polis əməkdaşının yaralandığı bildirilirdi.

 

***

 

Moskvanın qərbində naməlum şəxs odlu silahdan atəş açaraq 4 nəfəri yaralayıb.

 

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.

 

Polisin verdiyi məlumata görə, hadisə yaşayış binasının həyətində baş verib. Tüfənglə silahlanmış naməlum şəxs əvvəlcə atəş açaraq iki gənci, sonra isə hadisə yerinə gələn iki polis əməkdaşını yaralayıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin motivləri barədə hər hansı məlumat verilmir. Hazırda hadisə yerində müstəntiqlər işləyir.