“Boykot” siyasi rəqabət metodu deyil

“Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Əslində bu siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həmdə onların mənəvi məğlubiyyəti deməkdir.

Radikalların “boykotu” bir sıra məkrli hədəflərə hesablanıb. Bununla radikallar qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmağa, iqtidarı qərəzli şəkildə tənqid etmək üçün süni “imkanlar” yaratmağa, öz zəifliklərini gizlətməyə və cəmiyyətdə emosional gərginliyə nail olmağa çalışırlar.

Sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət bir daha sübut edir ki, onlar xarici qüvvələrə xidmət edirlər. “Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. “Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, bilavasitə təxribatlara yol açan ucuz siyasi hiylədir.

Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olublar. Seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir.

“Boykot” pərdəsi altında zəifliklərini gizlədən radikallar bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olublar. Bu dəfə də seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Ümumiyyətlə, radikalların bu “boykot” tamaşası cılızlıqlarının göstəricisidir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri