Böyük Qayıdış Zəngilanla zənginləşəcək

Siyasət və zaman fəlsəfəsi biri-birinə tərs mütənasiblik təşkil edir. Bir çox hallarda siyasət zaman qarşısında yenilir, məğlub olur. Məntiqi sonluğu olmayan siyasət isə xalqları və milləti uçuruma aparır. Biz bunu yaşamışıq. Uçurumun bir addımlığında xalqımızın xilaskarı, ümumilli lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan dövləti xəritədən silinmək təhlükəsindən qurtardı. Bu gün bu yol Azərbaycana dünya miqyasında özünə inamlı yer tutmasına şərait yaradıb. Cənab Prezident İlham Əliyevin dövrün çağırışına cavab verən siyasət yürütməsi, ən əsası siyasi gedişlərin doğru zamanda həyata keçirməsi xalqımızın istər yerli, istər regional istərsə də dünyəvi problemlərdən minimum itki ilə çıxmasına şərait yaradıb. Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi inkişaf, ilklərin yaşanması, sevinc, qürur, sosial təminat, iqtisadi artımın səciyyələnməsi ilə nəticələnir və bu proses davam edir.
Azərbaycan elə bir coğrafiyada yerləşir ki, dünya güclərinin bu coğrafiya ilə bağlı daim planları var. Mənfur qonşularımız isə bu planın mərkəzində yer alır. Tarix boyu məkirli, pozucu siyasətlərin qurbanı olan Ermənistan region üçün ciddi problemə çevrilib. Zaman elə gətirib ki, uzun illərin Ermənistan problemi, dünyanın gözünə öz yalanları ilə kül üfürən mənfur qonşumuzun cilovlanması Cənab Prezident tərəfindən məharətlə həyata keçirilir. İstər siyasi arenada, istər cəbhədə qətiyyət öz sözünü deyir. Yaşadığımız tarix müstəqil Azərbaycanın qələbələrlə ən zəngin dövrüdür. Torpaqlarımızın işğaldan azad olması, düşmənin çıxdığı dalana geri qayıtması və məğlub olaraq bir daha özünə gələ bilməməsi yürüdülən məqsədyönlü siyasətin nəticəsidir.
Aradan keçən müddət ərzində qarşımızda daha ciddi plan və strategiyalar dayanır. Bu işlərin önündə də öz doğma yurd yuvasından qaçqın və didərgin düşən vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıtması, Böyük Qayıdış planının icrasıdır. Cənab Prezident İlham Əliyevin heç bir beynəlxalq maliyyə qurumundan asılı olmadan həyata keçirdiyi prosesə artıq start verildi. Zəngilan şəhərində “Ağalı kənd” pilot layihə kimi 30 ildən artıq düşmən tərəfindən istismar olunan Zəngilanın simasını dəyişəcək. Cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun həyata keçirilən işlər 1 il ərzində yüksək zövq və keyfiyyətlə icra olunub. Demək olar ki, burada nəzərdə tutulan bərpa-quruculuq işləri sürətlə davam edir. Ağalı kəndində indi 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Bütün bunların fonunda onu qeyd etmək olar ki, Azərbaycan 2030 inkişaf konsepsiyasında ayrıca bənd kimi göstərilən Böyük Qayıdışa start verildi. Qarşıdakı müddət ərzində nəinki Zəngilan eyni zamanda işğaldan azad olunan ərazilərimizdə bu proses davamlı hal alacaq.
Mətanət Səfərli
YAP Nəsimi Rayon təşkilatının əməkdaşı